"Meşələr planetimizin ən qiymətli təbii sərvətlərindən biridir. Meşə təkcə ağaclardan ibarət yaşıl örtük deyil, həm də həyatın davamlılığını təmin edən mürəkkəb ekosistemdir. İnsanların sağlam həyatının, iqlim tarazlığının, su ehtiyatlarının, münbit torpaq örtüyünün və bioloji müxtəlifliyin qorunması baxımından meşələrin əhəmiyyəti böyükdür. Meşələr atmosferdəki karbon qazını udaraq oksigen istehsal edir. Bu proses sayəsində havanın tərkibi təmizlənir və iqlim tarazlığı mühafizə edilir. Ağaclar karbon qazını özündə saxlayaraq qlobal istiləşmənin təsirini azaldır. Bu səbəbdən də meşələr iqlim dəyişikliklərinə qarşı mübarizədə ən mühüm təbii vasitələrdən biri hesab olunur. Meşələr toz, tüstü və zərərli qazları udaraq havanı təmizləyir. Xüsusilə əhalisi çox olan və sıx nəqliyyat şəbəkəsinə malik şəhərlərdə, iri sənaye müəssisələri olan zonalarda bölgələrində yaşıllıqların qorunması çox vacibdir. Bu ağaclıqlar ekoloji balansı qoruyur və canlıların sağlamlığına müsbət təsir göstərir. Ağaclar havanı nəmləndirir, temperaturu tənzimləyir, su dövranında mühüm rol oynayır, kökləri isə torpaqda suyun saxlanmasını təmin edir. Ağacların kök sistemi torpağı möhkəmləndirdiyindən meşələr torpağı eroziyadan, sürüşmədən qoruyur, sel və daşqınların qarşısını alır. Minlərlə bitki və heyvan növünün yaşayış mühiti meşələrdir. Bir sıra növlər yalnız meşə ekosistemində yaşaya bilir. Meşələrin qırılması nadir növlərin məhvinə səbəb ola bilər. İqtisadi, sosial baxımdan da böyük əhəmiyyət kəsb edən meşələr minlərə insanın dolanışıq, qida mənbəyidir. Meşələr mebel sənayesində, dərman istehsalında böyük rol oynayır. Müasir turizmi meşələrsiz təsəvvür etmək mümkün deyil. Meşə turizmi bir çox ölkələrin əsas gəlir qaynağıdır. Təmiz havanın mənbəyi olan meşələr insana hüzur və sağlamlıq bəxş edir. Meşələri əhəmiyyəti saymaqla bitməz. Yaşadığımız dövrdə meşələrin mühafizəsi xüsusi əhəmiyyət kəsb edir".
T.Ağayev təəssüflə vurğulayıb ki, son illər bütün dünyada meşələr əhəmiyyətli dərəcədə azalıb.
"Statistik məlumatlara görə, dünya üzrə 4 milyard hektara qədər meşə sahəsi var. Lakin otuz ildə planetimizdə təxminən 420 milyon hektar meşə sahəsi məhv olub. 1990-cı illə müqayisədə Yer kürəsinin meşə örtüyü 80 milyon hektardan çox azalıb. Meşə sahələrinin azalması qlobal iqlim dəyişikliyi ilə birbaşa bağlıdır. Bununla belə meşələrin azalmasına antropogen təsirlər də az təsir etmir. Son illərdə minlərlə hektar meşə sahəsi yanğına qurban gedib ki, bu da məsuliyyətsiz davranışların ortaya çıxardığı acı mənzərədir".
Son illər ölkəmizdə yüzlər hektar meşə sahəsinin salındığını vurğulayan T.Ağayev bildirib ki, dövlət və ictimai qurumlar tərəfindən atmosferdə karbon emissiyasının azalmasına yönəlik tətbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsinə diqqət artırılır.
"Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. Son 20 ildə təqribən 200 min hektara yaxın sahədə meşə bərpası tədbirləri görülüb və yeni meşələr salınıb. Hər il Azərbaycanda təxminən 8-10 min hektar sahədə yeni meşə salınır, bərpa işləri həyata keçirilir. 2020-ci ildə 10 min hektardan çox meşə salınıb, bərpa edilib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji terrorun nəticələrini aradan qaldırılması, məhv edilmiş meşə örtüyüyn bərpası iqtisadəmətində böyük layihələr icra olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31