Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Ermənistan və Azərbaycan arasında yekun sülh razılaşması yolunda maneələr qalmaqdadır”.
ABŞ Kəşfiyyat Birliyinin təhlükələrin qiymətləndirilməsinə dair illik hesabatında belə deyilir. Sənəddə bildirilir ki, Azərbaycanın Ermənistan konstitusiyasında dəyişiklik tələbi sülh müqaviləsinə təhdid kimi göstərilir. Qeyd edilir ki, Azərbaycan tərəfi vəziyyəti aradan qaldırmaq üçün Ermənistan Konstitusiyasını dəyişdirməsində israr edir. Rəsmi Bakı bunu “Dağlıq Qarabağ”ın Ermənistanın bir hissəsi olması hesab edir.
“Buna görə Ermənistanda nəticəsinə zəmanət verilməyən konstitusiya referendumunun keçirilməsi tələb olunur”,- ABŞ kəşfiyyatının hesabatında belə yazılır.
Eyni zamanda, sənəddə 2025-ci ilin avqust ayında rəsmi Vaşinqtonun iştirakı ilə Ağ Evdə keçirilən sülh sammitinin Ermənistan və Azərbaycan üçün uzunmüddətli sülh razılaşmasına nail olmaq və regional sabitliyin möhkəmləndirilməsinə töhfə vermək üçün fürsət yaratdığı vurğulanır. Qeyd edək ki, hesabatın birtərəfli qaydada ermənipərəst mövqedən hazırlandığı açıq müşahidə olunur.
Tramp administrasiyasının Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və kommunikasiyaların açılmasına ən yüksək səviyyədə dəstək verdiyi bir vaxtda bu cür sənədin yayılması siyasi təxribat kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik tələbini “sülhə təhlükə” adlandırmaq ilk növbədə, Qarabağa olan ərazi iddialarına bəraət qazandırmaq cəhdidir.
Halbuki, Baş nazir Nikol Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan və konstitusiyanın preambula hissəsində istinad edilmiş Müstəqillik Bəyannaməsini “münaqişə bəyannaməsi” adlandırıb. Paşinyan bildirib ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası Müstəqillik Bəyannaməsinə istinad etmədən yeni konstitusiyanın qəbul edilməsinin tərəfdarıdır:
"“Vətəndaş Müqaviləsi” Partiyası Müstəqillik Bəyannaməsinin yeni Konstitusiyada qeyd edilməməli olduğunu iddia edən yeganə qüvvədir. Çünki Müstəqillik Bəyannaməsinin mətninin özü müstəqillik deyil, münaqişə bəyannaməsidir Mən baş nazir və partiya idarə heyətinin sədri kimi açıq şəkildə danışıram. Bizə bu yolla davam etmək lazım deyil”.
Bununla da Baş nazir Ermənistan Konstitusiyasının yaxın vaxtlarda dərc ediləcək yeni mətinindən preambula hissəsinin çıxarılacağını bildirib. Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərinə “Sülh” şüarı ilə gedən Nikol Paşinyan yaxın vaxtlarda bu prosesi reallaşdırmaq niyyətində görünür. Çünki sülhün bərqərar olması seçkilərdə Paşinyanın əlini gücləndirən amilə çevrilə bilər.
Əgər Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, Azərbaycan sülh müqaviləsi imzalamaqdan imtina edəcək. Bu isə seçkilərdə Paşinyan hakimiyyətinin mövqelərini zəiflədəcək ciddi təsir vasitəsi olacaq. Belə ki, 2020-ci ildə müharibədən məğlub çıxmış Paşinyanın xalqa vəd etdiyi sülh prosesinin iflasa uğraması Ermənistan cəmiyyətində ona etimadın aradan qalxması ilə nəticələnə bilər.
Bu da öz növbəsində, radikal əhval-ruhiyyənin artmasına və revanşist müxalifətin güclənməsinə səbəb ola bilər. Yeni münaqişənin baş verməsi isə Ermənistanın gələcəyinin nəticəsi məlum olmayan təhlükə ilə üzbəüz qalması deməkdir. Ona görə də məsələyə praqmatik yanaşan Nikol Paşinyan hökuməti seçkilər qədər referenduma keçirmək mümkün olmasa da, konstitusiyanın yeni mətnində edilmiş dəyişikliyi dərc etməklə sülh müqaviləsinin imzalanmasına nail olmaq istəyir. Lakin ABŞ Kəşfiyyat Birliyinin yaydığı hesabat sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan radikal Ermənistan müxalifəti ilə eyni mövqedən çıxış edən kimlərinsə bu sənədin hazırlanmasında əli olduğunu göstərir.
Sözügedən hesabat Azərbaycanı, hətta Nikol Paşinyan hakimiyyətini Ermənistan Konstitusiyasına dəyişiklikdən çəkindirməyə xidmət edən təzyiq kampaniyası kimi başa düşülə bilər. Ancaq bu, həm də ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə həyata keçirilən sülh prosesinə zərbə vurur. Bu təxribatın qurulmasında ABŞ-dəki erməni diasporunun və erməni lobbisinin iştirakı açıq hiss olunur. Ancaq söhbət Konqresdən və ya Dövlət Departamentindən deyil, ABŞ xüsusi xidmət orqanlarının koordinasiyalı şəkildə hesabat verdikləri Kəşfiyyat Birliyindən gedir.
Yəni kəşfiyyat orqanının ermənipərəst mövqedən çıxış edərək Azərbaycan əleyhinə hesabat hazırlaması bu sistemdə çalışan şəxslərin köməyi ilə mümkündür. ABŞ Kəşfiyyat Birliyinin fəaliyyətinə və strukturuna nəzər saldıqda, təxribatın mənbəyini aşkara çıxarmaq mümkün olur.
Qeyd edək ki, adıçəkilən qurum Amerika Birləşmiş Ştatları adından məlumat toplamaq və kəşfiyyat fəaliyyətləri aparmaq vəzifəsi daşıyan 17 müxtəlif dövlət idarəsini əhatə edir. Kəşfiyyat Birliyi 1981-ci ildə ABŞ-nin sabiq prezidenti Ronald Reyqan tərəfindən yaradılıb. 2005-ci ilə qədər ABŞ Kəşfiyyat Birliyinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru rəhbərlik edirdi. Lakin 2005-ci ilin aprel ayından bu quruma rəhbərlik ABŞ Milli Kəşfiyyatının direktoruna həvalə edilib.
O, həm də ABŞ prezidentinin kəşfiyyat müşaviri və Milli Təhlükəsizlik Şurasının kəşfiyyat müşaviri vəzifəsini daşıyır. Kəşfiyyat, təhlükəsizlik, müdafiə orqanlarının rəhbərləri öz fəaliyyətləri barədə Milli Kəşfiyyat Direktoruna hesabat verirlər.
Donald Tramp prezident seçildikdən sonra Tulsi Habbardı ABŞ Milli Kəşfiyyatının direktoru təyin edib. Xanım Habbard qatı ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilir. Hətta ABŞ-dəki erməni diasporuna sıx bağlı olan Tuli Habbardın bu vəzifəyə təyinat alması Ermənistanda sevinclə qarşılanmışdı. 2012-2020-ci illərdə konqresmen olan Habbarda ermənilər fəal dəstək veriblər.
ABŞ Milli Kəşfiyyatının hazırkı direktoru Konqres üzvü olduğu dövrdə bütün ermənipərəst qanun layihələrinə səs verib. 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Tulsi Habbard o zaman qondarma rejimin nümayəndələri ilə görüşüb və “parlament”ində çıxış edib. Bu qeyri-qanuni hərəkətinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Tulsi Habbardın işğal olunmuş ərazilərə səfərini pisləyib və onun adını “qara siyahı”ya salıb. 2020-ci ildə 44 günlük müharibə zamanı Tulsi Habbard Azərbaycanı “Artsax”a hücum etməkdə ittiham edib.
O, yalnız Azərbaycana qarşı deyil, həm də Türkiyə əleyhinə də sərt mövqeyi ilə seçilir. Hətta ermənilərlə görüşlərində Habbard dəfələrlə Türkiyəni “terrorçuluq”da ittiham edib. Bütün bu məlumatlar Habbardın hazırda rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin hesabatında Azərbaycana qarşı təxribatçı fikirlərin qaynağını müəyyən etməyə imkan verir.
Şübhə yoxdur ki, Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara istinadın yer aldığı preambulanın konstitusiyadan çıxarılmasını Azərbaycanın guya sülhə təhlükə yaratması barədə iddialar hesabata məhz Tulsi Habbardın şəxsi təşəbbüsü ilə daxil edilib. Bu isə onun hələ də radikal və avantürist erməni dairələri ilə əlaqəsini davam etdirdiyini göstərir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.