Bəşəriyyətin ən qədim bayramlarından biri olan Novruz təkcə təbiətin oyanışını deyil, həm də insanlığın yenilənmə, dirçəliş və harmoniya arzusunu ifadə edir. Minilliklər boyu qorunaraq bu günə gəlib çatan bu bayram müxtəlif xalqları və mədəniyyətləri ortaq dəyərlər ətrafında birləşdirən mənəvi körpüyə çevrilib.
Martın 21-i Beynəlxalq Novruz Günüdür. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram üç min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.
Novruzun qədim xalq bayramı olması haqqında miflərdən tutmuş tarixi və ədəbi mənbələrədək müxtəlif məlumatlara rast gəlinir. Zərdüştilik dövründə qeyd edilən bayramların ən maraqlısı Novruz olub. Bu qədim bayramla bağlı məlumatlara Nizamülmülkün “Siyasətnamə”sində də rast gəlirik. Ömər Xəyyam (1048-1131) “Novruznamə” əsərində astronomik tədqiqatlara əsasən elmi surətdə göstərib ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır. Novruz həqiqətən də ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrinə səyahəti zamanı Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olub. Vətənə qayıtdıqdan sonra “Səyahətnamə” adlı kitab yazıb. Maraqlıdır ki, onun səfərlərindən biri mart ayına düşdüyündən o, Azərbaycanda qeyd edilən Novruz bayramının şahidi olub. Həmin bayramla bağlı “Səyahətnamə”də yazırdı ki, Səfəvilərdə dini və mülki bayramlar lap çoxdur. Bu bayramların üçü təntənəli surətdə qeyd edilir: Ramazan, Qurban və Yaz bayramı. Yaz bayramı əslində Yeni il deməkdir. Həmin gün gecə ilə gündüz bərabərləşir. Səyyahı heyrətə gətirən yumurtaların qızıl suyuna boyanması və insanların bir-birinə nadir tapılan, həm də bahalı əşyalardan – qızıldan, gümüşdən, parçadan, ətriyyatdan, qaş-daşdan hədiyyə verməsi olub. Bu cür bayramlaşmanın əkinçidən şaha qədər davam etməsi avropalı səyyahı daha çox heyrətləndirib. Xüsusilə də İrəvan bəylərbəyliyində keçirilən Novruz bayramı Jan Şardeni valeh edib. Onu təəccübləndirən amillərdən biri də insanların bayramın birinci günü Allaha dua etmələri olub. Səyyah yazırdı: “Onlar sübh çağı bütün bədənlərini su ilə yuyurlar. Sonra tərtəmiz paltar geyinirlər, xoş sözlər danışırlar, bir-birləri ilə mehribançılıq edirlər. Bu ovqat onlarda Yeni ilin xoş keçəcəyinə, xoşbəxtlik gətirəcəyinə inam yaradır”.