EN

Qoşqar Təhməzlinin iki müavini haqda iddia Şərifov və Quliyevin gizli şəbəkəsi var?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər kiçik qida obyektlərində qida təhlükəsizliyi nəzarəti ilə bağlı yoxlamalar ciddi ictimai narahatlıq doğurub.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə aparılan ictimai müzakirələrdə qida təhlükəsizliyi sahəsində nəzarət tədbirlərinin tətbiqi zamanı balanssızlıq müşahidə olunduğu barədə çoxsaylı fikirlər səsləndirilir.

Xüsusilə də, nəzarət tədbirlərinin daha çox kiçik qida obyektlərini əhatə etdiyi, hətta ucqar kəndlərdə fəaliyyət göstərən fermerləri, əkin-biçin sahiblərini, kənd yerlərində olan dükanları, məhəllə marketləri, mikro-sahibkarlara məxsus qida obyektləri üzərində cəmləşdiyi, ancaq böyük ticarət şəbəkələrində analoji intensivlikdə yoxlamaların aparılmadığı bildirilir.

İctimai müzakirələrdə qeyd olunur ki, böyük ticarət şəbəkələrində ciddi pozuntuların qeydə alınması ilə bağlı məlumatlar ictimaiyyətə ya az təqdim olunur, ya da ümumiyyətlə, bu cür xəbərlər paylaşılmır. Bu isə nəzarət yükünün əsasən kiçik sahibkarlığın üzərində qurulduğu görüntüsünü yaradır.

Redaksiyamız bu məsələni araşdırarkən maraqlı məqamlar üzə çıxıb.

Məlum olub ki, ölkədə fəaliyyət göstərən bir çox iri satış şəbəkələrinin rəhbərləri, samballı biznes sahibləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məsləhət Şurasında təmsil olunurlar. Hətta onlar qurum tərəfindən verilən qərarların müzakirəsində əvvəlcədən iştirak edir və nəzarətlə bağlı öz qiymətli  “məsləhətlərini” verirlər.

Həmin şəxslər bunlardır –  Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mehmet Manavoğlu, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev, “Avromed Company” QSC-nin baş icraçı direktoru Kamran İsgəndərov, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov, “Azprotein Foods” MMC-nin sədri Vüsal Qafarlı, “Qoş Ət Kəndli Fermer Təsərrüfatı” MMC-nin təsisçisi Sənan Təhməzov, “Bravo” Marketlər Şəbəkəsinin baş icraçı direktoru  Jaime Teixeira.

Sual doğuran məqam odur ki, məsləhət şuralarında böyük biznes strukturlarının təmsil olunması potensial maraq toqquşması deyilmi? Kiçik biznes subyektlərinin nümayəndəsi bu şurada nə üçün yoxdur? Yoxdursa, məqsəd nədir?

Bu çərçivədə ekspertlər hesab edirlər ki, şuralarda təmsil olunan şəxslərin biznes sahəsində fəaliyyət istiqamətləri ilə dövlət nəzarəti arasında mümkün kəsişmələrin olması kənar təsir risklərini azaltmaq üçün daha yüksək səviyyədə şəffaflıq və açıqlama praktikasının tətbiqini zəruri edir.

İctimaiyyət arasında yayılan bəzi qeydlərdə vurğulanır ki, heyvan və heyvan mənşəli məhsulların istehsalı və ticarəti, ölkəyə qida məhsullarının idxalı və satış şəbəkələrində paylanması kimi böyük həcmli iqtisadi sahələrdə iştirak edən şəxslərin, eyni zamanda qida təhlükəsizliyi sahəsində məsləhətçi statusunda təmsil olunması şəffaflıq və maraqların toqquşmaması prinsipləri baxımından daha aydın izaha ehtiyac duyur.

Araşdırma zamanı AQTA sədrinin müavinləri Əziz Şərifov və Balarəhim Quliyevin də iri biznes fəaliyyətləri üzə çıxıb.

İddia olunur ki, ölkəyə gətirilən qidaların idxalını “kurasiya” edən AQTA sədrinin müavini Əziz Şərifovun özü də iri qida idxalçısıdır və yoxlamalarda kənarda qalan iri satış şəbəkələrində satışa çıxardığı bir çox məhsulların idxalı ilə məşğuldur.

Balarəhim Quliyevin isə nəzarət etdiyi heyvandarlıq sahəsində fermer təsərrüfatlarına sahibi olduğu deyilir. İddialara görə, sədr müavinlərinin bu sahədəki biznesləri onların obyektivliyinə şübhələr yaradır.

Sədr müavinlərinin biznes fəaliyyəti ilə bağlı daha geniş yazını növbəti araşdırmalarda təqdim edəcəyik.

Redaksiya yazıda adları keçən şirkətlərin və şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
112
1
globalinfo.az

2Sources