EN

Qazaxıstan səfiri: Novruz bayramı Türk dünyasında birlik, həmrəylik və əməkdaşlığı gücləndirir

Bakı, 20 mart, AZƏRTAC

Ölkəmizin hər yerində Novruz bayramı qeyd olunur. Biz də bu bayramı qardaş Azərbaycanın paytaxtı Bakıda qazax üslubunda keçirmək istədik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakı bulvarında təşkil olunan Novruz şənliyində çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, tədbir tərəfdaş şirkətin dəstəyi ilə təşkil olunub və qonaqlar üçün xüsusi bayram süfrəsi hazırlanıb.

Alim Bayel vurğulayıb ki, Ramazan ayı və Ramazan bayramı həm Qazaxıstan, həm də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır: “Tutduğunuz orucların və etdiyiniz duaların qəbul olunmasını arzulayırıq”.

Diplomat bildirib ki, Novruz yenilənmənin və baharın rəmzidir: “Bu bayram Türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq proseslərini daha da gücləndirir. Bu münasibətlə bütün Türk dünyasına, müsəlman aləminə və bəşəriyyətə sülh və əmin-amanlıq arzulayıram”.

Alim Bayel əlavə edib ki, Bakıda təşkil olunan bayram proqramı çərçivəsində qonaqları milli yeməklər, milli oyunlar və müxtəlif müsabiqələr gözləyir.

Səfir sonda tədbir iştirakçılarına təşəkkür edib və hər kəsə xoş bayram arzularını çatdırıb.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Aydın Məmmədov
Videooperator - Ələkbər Baxşıyev
Chosen
86
1
azertag.az

2Sources