EN

Təranə Nəbiyeva: Gənclərimizin intellektual potensialı qlobal mühəndislik standartları ilə tam ayaqlaşır - MÜSAHİBƏ

BAKI, 20 mart. TELEQRAF

“Train Brain” Tədris Mərkəzinin təsisçisi Təranə Nəbiyeva Teleqraf İnformasiya Agentliyinin STEM təhsili, robototexnika və beynəlxalq uğurlar barədə suallarını cavablandırıb.

- Təranə xanım, öncə mərkəzinizin yaranma səbəbi, fəaliyyət istiqaməti barədə məlumat verməyinizi istərdik.

- "Train Brain" Mərkəzi müasir dövrün tələbi olan mühəndislik təfəkkürünü və rəqəmsal bacarıqları şagirdlərimizə aşılamaq məqsədilə yaranıb. Əsas fəaliyyət istiqamətimiz şagirdlərin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat-red) biliklərini inkişaf etdirmək, onları beynəlxalq robototexnika platformalarına hazırlamaqdır. Biz sadəcə texniki bilik vermirik, həm də gələcəyin problem həll edən fərdlərini yetişdiririk.

- Burada dərslər hansı formatda keçirilir?

- Dərslərimiz tamamilə praktiki əsaslıdır. Şagirdlər layihə əsaslı öyrənmə (Project Based Learning) metodu ilə real sənaye tipli robotlar üzərində çalışır, proqram təminatı yazır və mühəndislik dizaynları hazırlayırlar. Bu, onlara dərsi deyil, prosesi sevməyə imkan verir.

- Əsasən hansı yaş qrupları və siniflər cəlb olunur?

- Mərkəzimiz geniş spektri - 4 yaşdan 18 yaşa kimi şagirdlərə fərqli proqramların tədrisini əhatə edir. Xüsusilə 13-18 yaş arası şagirdlərimiz NASA-nın layihəsi olan FRC yarışlarında iştirak edərək peşəkar mühəndislik təcrübəsi qazanırlar.

- Bu mərkəzdə qazanılan bacarıqlar şagirdlərin peşə və ixtisas seçimində onlara necə kömək edir?

- Mərkəz şagirdlər üçün dünya təhsilinə açılan qapıdır. FRC kimi platformalarda iştirak edən şagirdlərimiz Stanford, Berkeley kimi dünya nəhəngi universitetlərdən qəbullar və xüsusi təqaüdlər alırlar. Onlar burada qazandıqları “soft skills”– liderlik, komanda işi və böhran idarəçiliyi sayəsində gələcək karyeralarında digər həmyaşıdlarından bir neçə addım öndə olurlar.

- Azərbaycanı beynəlxalq yarışlarda təmsil edirsiniz. Bu istiqamətdə əldə etdiyiniz uğurlara toxunaq… İndiyə qədər hansı ölkələrdə, hansı beynəlxalq layihələrdə iştirak etmisiniz?

- "Qarabağ MecHack 9030" komandası olaraq Qafqazın yeganə FRC komandasıyıq. 2023-cü ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən regional yarışda “Rookie All-Star” mükafatını qazanaraq Hyustonda keçirilən Dünya Çempionatına vəsiqə aldıq. Orada isə “Rookie Inspiration Award” sahibi olduq. Bu il artıq dördüncü mövsümümüzdür və hədəfimiz Dünya Çempionatında ilk 15-likdə yer almaqdır.

- Bu uğurlara nail olmaq üçün şagirdlər hansı hazırlıq prosesindən keçir və hansı metodlardan istifadə olunur?

- Hazırlıq prosesimiz çox ciddidir. Yarış mövzusu elan olunana qədər 8-9 aylıq intensiv texniki hazırlıq keçilir. Şagirdlər mexanika, 3D dizayn və elektronika kurslarına cəlb olunur. Biz həm də inklüzivliyə önəm veririk. Məsələn, eşitmə və nitq məhdudiyyətli üzvümüz Sənanın keçən il topladığı təcrübə sayəsində bu il digər həssas qruplara mentorluq etməsi bizim ən böyük metodoloji uğurumuzdur.

- Ümumiyyətlə, Azərbaycanın beynəlxalq yarışmalarda uğurlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanın beynəlxalq robototexnika arenasında son illərdəki sıçrayışı qürurvericidir. Artıq biz sadəcə iştirakçı yox, rəqabətədavamlı tərəfdaş kimi tanınırıq. "Qarabağ MecHack 9030" olaraq Nyu-Yorkda qazandığımız mükafatlar və Dünya Çempionatına birbaşa vəsiqə almağımız sübut etdi ki, bizim gənclərin intellektual potensialı qlobal mühəndislik standartları ilə tam ayaqlaşır. Lakin bir məqamı vurğulamalıyam: beynəlxalq uğur sadəcə texniki bacarıq deyil, həm də komanda ruhu və "Gracious Professionalism" (nəzakətli peşəkarlıq) fəlsəfəsinin mənimsənilməsidir. Bizim uşaqlar təkcə robot hazırlamırlar, onlar həm də ölkəmizin mədəniyyətini, birliyini və inklüzivlik dəyərlərini dünyaya təqdim edirlər. Azərbaycan gəncliyi göstərir ki, düzgün resurs və dəstək olduqda, Hyuston kimi dünya nəhənglərinin yarışdığı meydanlarda söz sahibi ola bilərik.

- Azərbaycanda STEM və robototexnika dərsləri hansı səviyyədə keçirilir? Ümumi mənzərədən razısınızmı?

- Ümumi mənzərədə ciddi bir canlanma var. Xüsusilə Elm və Təhsil Nazirliyinin STEAM layihəsi çərçivəsində məktəblərdə bu sahəyə diqqət artıb. Lakin hələ də inkişaf etdirilməli olan məqamlar çoxdur. STEM sadəcə bir robotu yığmaq deyil, fənlərarası əlaqəni (fizika, riyaziyyat, proqramlaşdırma) real həyat problemlərinin həllinə yönəltməkdir.

Məni ən çox sevindirən məqam odur ki, artıq dövlət və özəl sektorun əməkdaşlığı sayəsində şagirdlər üçün platformalar yaradırıq. Bizim komandada özəl və dövlət məktəbi şagirdlərinin eyni hədəf üçün birləşməsi buna ən yaxşı nümunədir. Razı qaldığım məqamlar olsa da, biz istəyirik ki, bu dərslər sadəcə bir dərnək formatında deyil, şagirdin gələcək karyerasını müəyyən edən fundamental bir sistem halına gəlsin. Biz “Train Brain” olaraq bu boşluğu doldurmağa, şagirdləri sadəcə istehlakçı yox, yaradıcı mühəndislər kimi yetişdirməyə çalışırıq.

- “Train Brain”-in gələcək hədəfləri nələrdir?

- Hədəflərimiz həm akademik, həm də sosial xarakter daşıyır. Birinci hədəfimiz, “Qarabağ MecHack 9030” komandasını FRC Dünya Çempionatında ilk 15-liyə daxil etmək və Azərbaycan bayrağını ən yüksək kürsüdə dalğalandırmaqdır.

İkinci hədəfimiz, qurduğumuz bu ekosistemi genişləndirməkdir. Hazırda mentorluq etdiyimiz 6 FLL və 1 FTC komandasının sayını artıraraq, ölkənin hər yerindən istedadlı uşaqları bu şəbəkəyə cəlb etmək istəyirik.

Chosen
18
teleqraf.com

1Sources