İranın Təbriz şəhərində yerləşən nəzarət-buraxılış məntəqəsində baş vermiş şiddətli partlayış nəticəsində rejimin "Bəsic" qüvvələrinin 13 silahlı üzvü öldürülüb, daha 18 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Musavat.com xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, hadisə Təbrizin Qarəməlik rayonu ərazisindəki hərbi postda qeydə alınıb. Partlayışın hansı növ qurğu ilə törədildiyi barədə hələlik rəsmi təfərrüatlar açıqlanmasa da, hadisənin ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hava əməliyyatları fonunda baş verməsi diqqət çəkir.
Son günlər ölkə daxilində təhlükəsizlik qüvvələrinin yerləşdiyi məntəqələrə pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələrin sayının kəskin artması bu partlayışın da oxşar hücum taktikası ilə həyata keçirilməsi ehtimalını gücləndirir. Təbrizdə baş verən bu hadisə regionda rejim əleyhinə hərbi təzyiqin daxili iğtişaşlar və diversiyalarla birləşdiyini göstərir.
Ekspertlər hesab edirlər ki, strateji əhəmiyyətli şəhərlərdə hərbi postların hədəf alınması mərkəzi hakimiyyətin ölkə üzərindəki nəzarətini tamamilə itirməsinə səbəb ola bilər.
Musavat.com