EN

“Sürətli qərarlar” kursu: Ursula Fon der Lyayen Aİ-də tənqidlərlə üzləşir

Brüssel, 19 mart, AZƏRTAC

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin “sürətli və qətiyyətlə hərəkət etmək” prinsipinə əsaslanan yanaşması Avropa siyasətçiləri və ekspertlərinin tənqidlərinə tuş gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Euractiv” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Fon der Lyayenin son illərdə fəal şəkildə tətbiq etdiyi “təcili düşüncə” adlanan yanaşma onun idarəetmə mexanizminin əsas xüsusiyyətinə çevrilib. Bu üslub qərarların sürətlə qəbul edilməsini və Avropa İttifaqında (Aİ) ənənəvi uzunmüddətli prosedurların kənarlaşdırılmasını nəzərdə tutur ki, bu da tərəfdarlarının fikrincə, böhranlara operativ reaksiya verməyə imkan yaradır.

Nəşr vurğulayır ki, Aİ-yə üzv ölkələrin nümayəndələrinin getdikcə daha çoxu bu yanaşmadan narahatlığını ifadə edir. Tənqidçilər hesab edirlər ki, sürətə üstünlük verilməsi institusional balansı poza və qərarların qəbulunda şəffaflıq səviyyəsini azalda bilər.

Bu müzakirə, xüsusilə Avropa Şurasının sammitinə hazırlıq fonunda aktuallaşıb. Həmin sammitdə liderlər Avropa Komissiyasından təhlükəsizlik və Ukraynaya dəstək də daxil olmaqla bir sıra əsas istiqamətlər üzrə konkret təşəbbüslər gözləyirlər.

Nəşrin bildirdiyinə görə, Aİ diplomatlarının və rəsmilərinin bir hissəsi hesab edir ki, Avropa Komissiyası sədrinin əlində hakimiyyətin həddən artıq mərkəzləşməsi üzv dövlətlərin və ittifaqın digər institutlarının rolunu zəiflədə bilər. Fon der Lyayenin tərəfdarları isə bildirirlər ki, geosiyasi qeyri-sabitlik şəraitində Aİ məhz belə qətiyyətli və çevik idarəetməyə ehtiyac duyur.

“Euractiv”, həmçinin bu idarəetmə üslubunun artıq müdafiə, enerji və Aİ-nin genişlənməsi sahələrində bir sıra təşəbbüslərdə özünü göstərdiyini diqqətə çatdırır. Bununla belə, bəzi siyasətçilər gündəmin “yüklənməsi” və qərarların kifayət qədər işlənilməməsi ilə bağlı risklər barədə xəbərdarlıq edirlər.

Nəşr yekunda vurğulayır ki, Aİ seçim qarşısındadır: qərarların qəbulunun ənənəvi çoxmərhələli sistemini qorumaq, yoxsa sürət və çeviklik tələb edən yeni şəraitə uyğunlaşmaq. Fon der Lyayenin kursunun nə dərəcədə əsaslı olduğu məsələsi açıq qalır və ehtimal ki, Brüsseldə keçiriləcək qarşıdakı müzakirələrin əsas mövzularından biri olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Chosen
116
1
azertag.az

2Sources