EN

Paşinyan üç CƏBHƏYƏ qarşı – İrəvanda GƏRGİNLİK artır

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə müharibə tərəfdarlarından, yəni revanşistlərdən bəhs edib. Sitat: “Müharibə tərəfdarları hər keçən gün getdikcə daha çox aşkara çıxır. Onlar sülhə qarşı olmadıqlarını iddia edirlər, lakin hakimiyyətə gələcəkləri təqdirdə sülh müqavilələrini yenidən nəzərdən keçirəcəklərini deyirlər. Açıq şəkildə demək istəyirəm: bu, təkcə ərazinin deyil, həm də Ermənistanın suverenliyinin itirilməsi ilə müharibəyə gətirib çıxarır".

Ermənistanda müharibə riski yenidən gündəmə qayıdırmı? Əgər hakimiyyət dəyişərsə və revanşist qüvvələr ön plana çıxarsa, regionda hansı ssenarilər işə düşə bilər?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a bildirib ki, Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri siyasi qüvvələr arasında ixtilafları və qarşıdurmaları daha da dərinləşdirməkdədir: “Rusiya da seçki ərəfəsi xeyli fəallaşıb. Adamlarını hərəkətə gətirərək baş nazir Paşinyana qarşı real güc formalaşdırmaq istiqamətində çalışır. Burada 3 istiqamətdə alternativlər yaradılır. Sabiq prezident Robert Köçəryanın liderliyində, “Taşir” şirkətlər qrupunun sahibi, rusiyalı iş adamı Samvel Karapetyan ətrafında tam siyasiləşməyən, ancaq hökumətdən narazı qalan Kremlə bağlı qruplaşma və siyasi ambisiyası olmayan lakin erməni cəmiyyətində təsir imkanlarına malik Erməni Apostol Kilsəsinin rəhbəri İkinci Qareginin simasında ideoloji-mənəvi güc mərkəzi. Baş nazir əsasən bu üç cəbhəyə qarşı mübarizədə qalib çıxmaq üçün Qərbə arxalanır. Eyni zamanda, Ankara və Bakı ilə münasibətlərini sahmana salmağa ümid edir. Digər tərəfdən Kremllə bağları tam qoparmır və ehtiyatlı davranır”.

Onun sözlərinə görə, Paşinyan sülh və əməkdaşlıq mesajları verməklə həm erməni cəmiyyətində, həm regional oyunçularda, həm də Qərbdə öz imicini qorumağa çalışır: “Əksər analitiklər Paşinyanın parlament çoxluğunu qazana biləcəyini proqnozlaşdırırlar. Bu, erməni xalqının böyük qisminin yenidən müharibə istəməməsi, regionda yaranmış yeni reallıqları, həmçinin, qlobal siyasi təsirləri ilə özünü təzahür etdirir. Erməni baş nazir proseslərə düzgün yanaşır. Revanşistlərin hakimiyyətə gəlməsi regionda eskalasiya risklərini artıra, sülh prosesini poza bilər ki, bu da Ermənistanın məhvi deməkdir”.

Cavanşir ABBASLI
Musavat.com

 

Chosen
54
musavat.com

1Sources