EN

Papağı başa qoyarlar, kandara yox

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu papaq ki var, bizə keçmişdən qalan bir yadigardır. Babalarımız papağı namus-qeyrət rəmzi sayıblar. İndi də cavan uşaqlar papağı qapıların kandarına atıb bayram payı yığırlar. Olmaz belə, buna bir əncam çəkmək lazımdır". Balaxanıdakı məşhur papaqçı Saleh İbrahimov çağdaş Novruz adətlərindən narazılıq edərkən söyləyib ki, "papaqatdı" kimi təqdim olunan adət əslində qədim ənənənin sovet dönəmində təhrif olunmuş variantıdır.  

"Əziz bayramın gəlişindən hər il könlüm sevincək olsa da, bir xoşagəlməz adət yenə də ovqatımı təlx elədi. Bəs necə? Adətin də yaxşısı var, pisi var. Yaxşını yaşatdığımız kimi pis adətlərdən də bilmərrə əl çəkməliyik", - deyən Saleh kişi beş ilə yaxındır ki, Balaxanıda papaqçılıqla məşğuldur. Bakı Abadlıq Xidməti qəsəbədə abadlıq işləri aparanda sənətkarları yaşatmaq və köhnə peşələri qorumaq üçün müxtəlif mərkəzlər açdı, beləcə "Gilabi Ceramics", "Sariban", "İslimi Carpet" kimi sənət mərkəzləri yarandı. O vaxtdan kəndin mərkəzindəki "Papaqçı" dükanı Saleh kişiylə oğlu Rəhimə həvalə edildi. İndi Balaxanıya gələn qonaqlar mütləq "Papaqçı"ya da baş çəkirlər.

Abadlıq zamanı bütün tarixi abidələr - illərlə qum altında qalmış, orta əsrlərə aid hamam, Hacı Şəhla məscidi, Şakir Ağa türbəsi, qırx pilləli qədim ovdan və baxımsız hala düşmüş Şah Səfi karvansarası bərpa edildi. İndi Bakı Abadlıq Xidməti tarixin yadigarı olan həmin o karvansarada papaq muzeyi açmağa hazırlaşır. Saleh kişinin emalatxanasında hazırlanan papaqlar muzeyin ilkin ekspozisiyasını təşkil edəcək. Nəzərdə tutulub ki, burada yalnız qədim papaqlar yox, müasir cavanların bəyəndiyi modellər, müxtəlif bölgələrə aid, hətta dünya xalqlarının milli papaqları da nümayiş olunsun.

Saleh kişi Novruzda qapılara papaq atan yeniyetmələrə xitabən görün nə deyir: "Başındakı papaqdan imtina eləyən şəxs qoy onu ayaqlar altına atmaqdansa, gətirib muzeyə təhvil versin". Bəlkə də haqlıdır usta. Hər papaq bir dəb, bir xatirə, bir hekayədir. Hekayələr bir yerə toplansa, yeni adətlər əmələ yaranar. Papağa hörməti vərdişə çevirə bilsək, uşaqlar bayram payı üçün qapı döyməyə gedəndə papaq yox, adi torba atacaqlar - bu həm daha gigiyenik olacaq, həm də daha doğru.

AFAQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
109
525.az

1Sources