ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Komandanlıq "Epik Qəzəb" (Epic Fury) əməliyyatı çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinin strateji gəmilərinin və raket katerlərinin məhv edilməsini əks etdirən yeni kadrlar paylaşıb.
Musavat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi açıqlamasında Hörmüz boğazı və ətraf sularda beynəlxalq gəmiçiliyə təhdid yaradan bütün hərbi hədəflərin sistematik şəkildə sıradan çıxarıldığı vurğulanır.
Komandanlığın son hesabatına görə, əməliyyatın başlanğıcından bu yana İranın 120-dən çox hərbi gəmisi, o cümələn raket daşıyan sürətli katerləri və mina döşəyən platformaları dənizin dibinə göndərilib.
ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Den Keyn Pentaqondakı brifinqdə ironiya ilə
"Biz okeanı İranla bölüşmək qərarına gəldik – suyun alt hissəsini onlara verdik" deyərək İran donanmasının döyüş qabiliyyətini tamamilə itirdiyini bəyan edib.
Paylaşılan videolarda ABŞ-ın "Mark 48" ağır torpedoları ilə İran freqatlarının batırılması, həmçinin A-10 zərbə təyyarələrinin Hörmüz boğazındakı kiçik katerləri məhv etməsi anları saniyə-saniyə əks olunub.
Təkcə gəmilər deyil, sahildə yerləşən qanadlı raket anbarları və kəşfiyyat mərkəzləri də bunkeryaran bombalarla darmadağın edilib. ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, İranın raket istehsal gücü 90% azalıb və Tehranın artıq dənizdə hər hansı ciddi müqavimət göstərmək imkanı qalmayıb.
Pentaqonun bu kütləvi görüntüləri yaymaqda məqsədi həm İran rejiminin daxilində mənəvi sarsıntı yaratmaq, həm də beynəlxalq müttəfiqlərinə Hörmüz boğazının tezliklə tam təhlükəsiz olacağı barədə qəti mesaj verməkdir.
Musavat.com