EN

Politoloq Elşad Həsənov: Çin çalışır ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqi olan İsrail İranla müharibədə zəifləsin

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Yaxın Şərqdə İran dronlarına qarşı kömək təklifini rədd edərək, onun Vaşinqtonun ehtiyac duyduğu “sonuncu şəxs” olduğunu bildirib. Zelenski isə ABŞ-ın bu sahədə Ukraynanın təcrübəsinə ehtiyac duyduğunu iddia edərək dəstək təklifini bir neçə dəfə təkrarlayıb. Tramp eyni zamanda Zelenskinin Rusiya ilə danışıqlarda mövqeyini tənqid edib və onun Vladimir Putinlə müqayisədə razılığa gəlməkdə daha çətin tərəf olduğunu vurğulayıb. İran tərəfi Ukraynanın mümkün iştirakını münaqişəyə qoşulma kimi qiymətləndirərək Kiyevə qarşı cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika–İsrail ittifaqı ilə İran arasındakı müharibə artıq 18-ci gündür davam edir: “Bu müddətdə Amerika və İsrail İranın çoxlu obyektlərinə zərbələr vurublar: “Amerika 10 gün müddətində 7 mindən çox zərbə vurub. İsrail də İranın əsas hərbi və təhlükəsizlik orqanlarının, hərbi sursat, təyyarə istehsal edən hərbi zavodları, hava limanları, yəni strateji obyektlərini hər gün vurur. İran “Shahed” dronlarından istifadə edir. Bəzi məlumatlara görə, Rusiya İrana Rusiyada istehsal edilən “Shahed” dronları ilə kömək edir və onların qarşısı alınmır. Zelenski çıxışında bildirdi ki, Rusiya–Ukrayna müharibəsi başlayandan İran Rusiyaya kömək edib. “Shahed” dronları ilə, o cümlədən İranın istehsal etdiyi raketlərlə Ukraynanın şəhərləri dağıdılıb. Ukraynanın da həmin dronlara qarşı mübarizə aparmaq üçün böyük təcrübəsi var və onlar həmin dronların zərərsizləşdirilməsi üçün xüsusi qurğular hazırlayıblar. Bu mənada onlar ABŞ-a, İsrailə kömək edə bilərlər. Tramp dedi ki, ən axırda Ukrayna bizə kömək edə bilər. Yəni Ukraynanın özü müharibə apardığı bir şəraitdə, çətin durumda olduğu halda, bizə o, sonda kömək edə bilər. Ancaq İsrail artıq Ukrayna ilə danışıqlar aparır. Hətta Zelenski öz mütəxəssislərini ora göndərməyə də hazır olduğunu bildirir. Buna görə də İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri bildirdi ki, əgər belə olarsa, Ukrayna da bizim hədəfimiz olacaq. Bu da müharibə arealının daha da böyüməsinə səbəb ola bilər”.

Elşad Həsənov

“Ukrayna istəyir ki, İran zəiflədilsin, İrana ciddi zərbələr vurulsun ki, İran da Rusiyaya kömək etməsin. Rusiyanı Ukraynaya qarşı müharibəyə cəlb etməklə, onu həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən zəiflətdi. ABŞ–İsrail ittifaqı ilə İran arasındakı müharibə Çin üçün yararlıdır. Çünki Çin də bilir ki, gələcək müharibə ABŞ-la Çin arasında olacaq. Ona görə də Çin çalışır ki, Amerika və onun müttəfiqi olan İsrail İranla müharibədə zəifləsin. İrana təkcə Rusiya yox, həm də Çin ciddi dəstək göstərir. Burada məqsəd Amerika ilə İsrailin zəifləməsi və gələcək müharibədə Çinin məğlub olmamasıdır”-deyən politoloq qeyd edib ki, bu nöqteyi-nəzərdən dünyanın gücləri arasında gedən müharibələrdə belə ölkələr qurban gedir, onların xalqları, iqtisadiyyatı və hərbi gücü darmadağın edilir.

Elşad Həsənov hesab edir ki, bu müharibə, baxmayaraq ki, qısa müddət üçün nəzərdə tutulmuşdu, amma gözlənilməz şəkildə uzanır: “Amerika bəyan edir ki, biz İrana quru qoşunları yeritməyəcəyik. Politoloqun fikrincə, belə davam edərsə, müharibə 2-3 həftəyə bitə bilər. Çünki zərbə vurmaqdan İranda salamat obyekt qalmayıb. Hərbi obyektlər, SEPAH-ın obyektləri dağıdılıb. Ölkə bunkerlərdən idarə edilir. Çoxlu tələfat var. Amerika da, İsrail də keçən ilki 12 günlük müharibədə olduğu kimi yenə də müharibəni dayandıracaq və özlərini qalib kimi elan edəcəklər. Ancaq hər kəs öz fikrində qalacaq. Çünki Amerika Birləşmiş Ştatları İranın şərtlərini, İran da Amerikanın şərtlərini qəbul etmir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
icma.az

1Sources