EN

“Avrokuboklara vəsiqə qazanmasaq, uğursuz hesab edəcəm” – Rəşad Sadıqov

Zirə” Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq çətindir. Son turlarda “Karvan-Yevlax”ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

– “Zirə” əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?

– Arxayınlıq deməzdim. İki dəfə “İmişli” ilə, bir dəfə “Kəpəz”lə, bir dəfə də “Şamaxı” ilə matçda xal itirmişik. “Şamaxı”nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Bu il aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var.

– “Araz-Naxçıvan” və “Neftçi”nin yaxınlaşması sizdə təzyiq yaradır?

– Bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək.

– “Zirə” 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiz?

– Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq uğursuz hesab edəcəm.

– Milli fasilə işinizə yarayacaq?

– Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə zədədən dönən futbolçularımız var. Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça yaxşı hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

– Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsüz?

– Yox, yox. Mən əslində yüngül etiraz etdim. Başqa vaxt daha çox edərdim. Oyundan əvvəl özümü hazırlamışdım ki, meydanın kənarında çox emosional olmayım. Çünki matçın gərgin keçəcəyini gözləyirdim. Düşünürdüm ki, bu gün sakit olmağımın futbolçulara daha çox faydası olacaq.

Chosen
107
8
msport.az

10Sources