Xəbər verdiyimiz kimi, Latviyada “Starlink işi” kimi tanınan genişmiqyaslı cinayət prosesi davam edir. İş üzrə əsas müttəhimlərdən biri azərbaycanlı tələbə Əli Xəlilovdur.
Musavat.com hazırda davam edən cinayət işi üzrə detalları da öyrənə bilib. Belə məlum olur ki, Latviya məhkəməsində bu iş üzrə Əli Xəlilovdan savayı daha 5 nəfərin mühakiməsi davam edir. Latviya Dövlət Təhlükəsizlik Xidməti (LDTX) tərəfindən 2024-cü ilin payızından etibarən aparılan istintaq çərçivəsində 3 latviyalı və 2 latviyalı qeyri-vətəndaş Avropa Birliyi sanksiyalarını pozmaq və Rusiya ordusuna peyk internet avadanlığı ötürməkdə ittiham olunaraq prokurorluğa təhvil veriliblər. Məhkəmə qarşısına çıxarılan müttəhimlərə qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, barələrində ağır cəzaların veriləcəyi gözlənilir. Latviya hüquq-mühafizə orqanları müəyyən ediblər ki, təşkilatlanmış qrup “Starlink Mini” peyk internet sistemlərini qanunsuz olaraq əldə edib və Rusiya ordusuna ötürmək məqsədi ilə bu avadanlığı müxtəlif yollarla Rusiyaya göndərib. Bu fəaliyyətlər Avropa Birliyi tərəfindən Rusiyaya tətbiq olunmuş sanksiyaların ciddi pozulması ilə nəticələnib.
Latviya DTX-da 2024-cü ilin oktyabr ayında başlanan istintaqla bir neçə şəxs müəyyən edilib. Onların fəaliyyətləri beynəlxalq sanksiyaların pozulması və “silah və hərbi məqsədli avadanlıq” tədarükünə köməklik göstərməkdə ittiham üçün yetərli hesab olunub. İstintaqın qənaətinə əsasən, sifarişlə alınan “Starlink Mini” cihazları Rusiya ərazisinə gizli yollarla keçirilib və orada Rusiya ordusuna və ya ona bağlı şəxslərə satılıb.
Bu ilin 19 mart tarixində Riqanın Şəhər Məhkəməsi cinayət işi üzrə ən tanınmış fiqurlardan biri Azərbaycan vətəndaşı Əli Xəlilovu günahkar bilərək 11 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə həmçinin Xəlilovu Latviyadan deportasiya etməyi və 5 il ölkəyə giriş qadağası tətbiq etməyi qərara alıb. Prokurorlar onu bu şəbəkənin əsas təşkilatçısı hesab ediblər. Məhkəmə işi zamanı bildirilir ki, Xəlilov və digər şübhəlilər internet üzərindən 60-dan çox “Starlink Mini Kit” sifariş ediblər, müxtəlif şəxslərin bank hesablarından istifadə edib, bir neçə əvəzləşdirilmiş identiklik (fake ID) və sim‑kart hesabları yaradaraq sifarişləri gizlədiblər. Bu avadanlıqlar sonradan Rusiya istiqamətində daşınıb.
Latviya DTX istintaq materiallarına görə, iş üzrə Danila Qoçuļaks bank hesablarının açılması və avadanlığın çatdırılmasında köməklik iddiası ilə ittiham olunur. Alens Navickas və Maria Miheeva çatdırılmanın izlənməsi və avadanlığın qəbul edilməsi kimi rollarda iştirakı ilə bağlı ittiham edilir. Hazırda onların cinayət işi üzrə məhkəmə araşdrımaları davam edir.
E.Məmmədəliyev,
Musavat.com