EN

Yeni Yaxın Şərq qurulur: Azərbaycan faktoru həlledici olur

Son illərdə Yaxın Şərqdə baş verən hadisələr regionun geosiyasi xəritəsinin yenidən formalaşmaqda olduğunu göstərir. Xüsusilə, İran ətrafında cərəyan edən proseslər – xarici təzyiqlər, daxili sosial-iqtisadi gərginlik və etnik narazılıqlar – bu ölkənin gələcək taleyi ilə bağlı müxtəlif ssenariləri aktuallaşdırır.

ABŞ və İsrail tərəfindən İrana qarşı sərt siyasi və hərbi addımlar, iqtisadi sanksiyalar və təhlükəsizlik müstəvisində artan təzyiqlər artıq uzun müddətdir davam edir. Bu proseslər İran daxilində iqtisadi böhranı dərinləşdirib, inflyasiya səviyyəsini yüksəldib və əhalinin sosial rifahını ciddi şəkildə zəiflədib. Nəticə etibarilə də ölkə daxilində mərkəzi hakimiyyətə qarşı narazılıq müxtəlif formalarda özünü göstərməyə başlayıb. Bu isə yaxın gələcəkdə İran hakimiyyətinin təkcə xarici dövlətlər nəzdində deyil, həm də öz xalqı yanında legitimliyinin tamamilə itirilməsi ilə nəticələnə bilər. Qərb isə bu əhəmiyyəti hər zaman diqqətdə saxlayır.

Iran's

İran rəsmi olaraq vahid dövlət kimi təqdim olunsa da, əslində çoxmillətli və çoxetnik bir struktura malikdir. Əhalinin əhəmiyyətli hissəsini qeyri-fars xalqlar təşkil edir. Bunlar arasında Azərbaycan türkləri, kürdlər, bəluclar və ərəb icmaları xüsusi yer tutur.

Məsələn, ölkənin cənub-qərbində yerləşən Əhvaz (Xuzistan vilayəti) həm zəngin neft ehtiyatlarına, həm də strateji coğrafi mövqeyə malikdir. Bu region Hörmüz boğazı yaxınlığında yerləşməsi səbəbilə qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır. Məhz buna görə də burada yaşayan ərəb əhalinin hər hansı muxtariyyət və ya müstəqillik tələbi yalnız daxili məsələ deyil, beynəlxalq aktorların da maraq dairəsinə daxil olur.

Tarixdə buna bənzər nümunələr mövcuddur. Məsələn, Yuqoslaviyanın parçalanması zamanı etnik və dini fərqlər siyasi böhranın əsas katalizatoruna çevrildi. Oxşar şəkildə Sovet İttifaqının dağılması da milli respublikaların öz müqəddəratını təyinetmə iddiaları ilə nəticələndi.

Bu baxımdan İran daxilində də oxşar “domino effekti”nin yaranması ehtimalı istisna edilmir. Əgər İran daxilində hər hansı bir etnik bölgədə mərkəzdən ayrılma prosesi başlasa, bu, digər regionlara da təsir edə bilər. Bəluclar əsasən ölkənin cənub-şərqində yaşayır və uzun illərdir sosial-iqtisadi gerilikdən şikayət edir, silahlı mübarizə aparır. Kürd bölgələrində artıq uzun müddətdir muxtariyyət meylləri mövcuddur. Ərəb əhalisi isə enerji resursları üzərində daha çox nəzarət tələb edir.

Bu faktlara əsaslanaraq deyə bilərəm ki, proseslər paralel şəkildə inkişaf edərsə, İran daxilində mərkəzləşdirilmiş dövlət modelinin zəifləməsi və hətta məhv edilməsi real ssenariyə çevrilə bilər.

Bəs Azərbaycan türkləri?

Siyasi

İran daxilində ən böyük qeyri-fars etnik qrup Azərbaycan türkləridir. Müxtəlif mənbələrə görə onların sayı 30–35 milyon arasında göstərilsə də, əslində orada yaşayan soydaşlarımızın sayı 45 milyondan artıqdır. Bu isə o deməkdir ki, onlar İranda azlıq deyil, əksinə, ölkənin demoqrafik və iqtisadi həyatında həlledici rol oynayan əsas komponentlərdən biridir.

Tarixi aspektdə isə Azərbaycan türklərinin regiondakı rolu daha da əhəmiyyətlidir. Səlcuqlar, Atabəylər, Elxanlılar, Qəznəvilər, Səfəvilər, Əfşarlar və Qacarlar dövləti kimi güclü imperiyaların məhz bu etnos tərəfindən qurulması faktı onların dövlətçilik ənənələrinin dərin köklərə malik olduğunu göstərir. Bu imperiyalar bugünkü İran ərazisi olmaqla yanaşı, geniş Yaxın Şərq coğrafiyasını əhatə etməsi reallığı Azərbaycan türklərinə yalnız etnik deyil, həm də tarixi-siyasi legitimlik qazandırır.

Azərbaycan Respublikası son illərdə regionda güclü siyasi aktor kimi çıxış edir. Xüsusilə, İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunan tarixi qələbə ölkənin həm hərbi, həm də diplomatik potensialını beynəlxalq siyasi arenaya nümayiş etdirdi.

Bundan əlavə, enerji layihələri (Cənub Qaz Dəhlizi kimi), nəqliyyat marşrutları və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb.

Belə bir şəraitdə Azərbaycanın yalnız öz sərhədləri daxilində deyil, daha geniş milli və regional kontekstdə siyasət aparması məsələsi müzakirə predmetinə çevrilir. Xüsusilə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları məsələsi bu kontekstdə aktuallaşır. Yəni Azərbaycan Respublikası beynəlxalq hüquq və mövqe çərçivəsində öz müqəddəratını təyinetmə prinsipi ilə çıxış etmək imkanını əldə etmiş olur.

Müasir beynəlxalq hüquqda “öz müqəddəratını təyinetmə” prinsipi mühüm yer tutur. Bu prinsip Birləşmiş Millətlər Təşkilatının sənədlərində də əksini tapıb. Lakin praktikada bu prinsip çox zaman dövlətlərin ərazi bütövlüyü ilə toqquşur.

Məsələn, Kosovo məsələsində bu prinsip tətbiq olundu, lakin digər oxşar hallarda eyni yanaşma sərgilənmədi. Bu isə göstərir ki, beynəlxalq hüquq çox zaman geosiyasi maraqlarla paralel şəkildə işləyir. Bu həqiqət də onu göstərir ki, tarixi yaddaş və siyasi sərhədlər dilemması məsələsi daim dövlətlərin siyasi gündəmində yer almalıdır.

Tarixi baxımdan Azərbaycan xalqı daha geniş coğrafiyada yayılıb. Müasir sərhədlər isə əsasən XIX–XX əsrlərdə böyük güclərin siyasi razılaşmaları nəticəsində formalaşıb. Bu baxımdan milli yaddaş ilə mövcud siyasi sərhədlər arasında müəyyən ziddiyyət mövcuddur. Bu ziddiyyət xüsusilə geosiyasi transformasiya dövrlərində daha qabarıq şəkildə üzə çıxır.

CROSSMEDIA

Sözümün canı odur ki, Yaxın Şərqdə baş verən proseslər regionun ciddi dəyişikliklər ərəfəsində olmasını göstərir. İranın gələcəyi ilə bağlı müxtəlif ssenarilər – zəifləmə, federalizasiya və ya parçalanma – artıq təkcə nəzəri müzakirə deyil, real ehtimal kimi qiymətləndirilir.

Ona görə də Azərbaycan faktorunun önə çıxması təbii prosesdir. Lakin burada əsas məsələ emosional yanaşmadan uzaq duraraq realist və strateji düşüncə ilə hərəkət etməkdir.

İndiki durumda Azərbaycan üçün prioritet istiqamətləri belə şərh edərdim: milli maraqların dövlət-xalq birliyi hesabına qorunması, regional sabitliyin təmin olunması və ən əsası da İranda yaşayan 45 milyondan artıq soydaşımızın hüquqlarının beynəlxalq hüquq və milli maraqlarımız çərçivəsində müdafiəsi! Yalnız bu balans qorunduğu halda Azərbaycan yeni geosiyasi reallıqlarda öz mövqeyini daha da gücləndirə bilər.

2022-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən İranda yaşayan azərbaycanlılarla bağlı səsləndirilən fikirlər doğrudan da son illərin ən çox müzakirə olunan siyasi mesajlarından biri oldu. Bu çıxışı təkcə ritorik bəyanat kimi qiymətləndirmək sadəlövhlük olardı. Bu çıxış həm də bir neçə istiqamətdə uzunmüddətli nəticələr doğura biləcək tarixi-strateji siqnal idi.

– Siyasi mesaj: “daxili məsələ” çərçivəsinin dağıdılması.

İran indiyə qədər İranda yaşayan azərbaycanlıların vəziyyətini özünün “daxili işi” kimi təqdim edirdi. Lakin bu çıxışla məsələ beynəlxalq platformaya çıxarıldı, “Cənubi Azərbaycan” mövzusu regional gündəmə daxil edildi və faktiki olaraq bu məsələ ilk dəfə bu səviyyədə açıq şəkildə səsləndirildi. Bu, diplomatik dildə çox ciddi dəyişiklikdir.

– Türk dünyasına verilən siqnal

Bu bəyanat yalnız İrana yox, həm də türk dünyasına ünvanlanmışdı. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələr üçün bu mesaj ortaq etnik və mədəni məsuliyyətin vurğulanması, TDT daxilində yeni siyasi koordinasiya ehtimalı və türk kimliyi faktorunun geosiyasətdə rolunun artırılması demək idi. Yəni bu çıxış TDT-nin gələcəkdə daha aktiv siyasi platformaya çevrilə biləcəyinin siqnalıdır.

– İranın reaksiyası

Bu tip bəyanatların nəticəsi olaraq İran tərəfindən diplomatik narazılıq, informasiya müstəvisində əks-təbliğat və regionda balans yaratmaq üçün yeni addımlar gözlənilən idi və qismən də müşahidə olundu. Bu da göstərir ki, çıxış real təsir doğurub – yəni sadəcə simvolik deyildi.

– Cənubi Azərbaycanda psixoloji effekt

Bu çıxışın ən mühüm nəticələrindən biri də İranda yaşayan azərbaycanlılar arasında milli kimlik şüurunun güclənməsi, “tək deyilik” psixologiyasının formalaşması və haqların daha açıq şəkildə tələb olunması meylinin artmasıdır.

Tarixdə buna oxşar nümunələr var. Məsələn, Berlin divarının uçması öncəsi Şərqi Avropada milli hərəkatların güclənməsi də xarici siyasi siqnallarla paralel inkişaf etmişdi.

Doğrudur, qısa müddətdə regionda sərhədlərin dəyişməsi kimi kəskin nəticələr gözləmək real deyil. Amma orta və uzun müddətdə mədəni və dil hüquqları mövzusu daha çox gündəmə gələ, beynəlxalq təşkilatlarda bu məsələ daha çox qaldırıla bilər, Azərbaycan Respublikası isə bu mövzuda daha sistemli siyasət yürüdə bilər.

– Böyük strateji planın bir hissəsi

Bu çıxışı ayrıca hadisə kimi yox, daha geniş prosesin tərkib hissəsi kimi görmək lazımdır: İkinci Qarabağ müharibəsi sonrası yeni milli-siyasi mərhələ, “Qərbi Azərbaycan” diskursunun formalaşması və ümumilikdə Azərbaycan dövlətinin daha aktiv geosiyasi mövqeyi. Yəni bu, ardıcıl siyasətin davamıdır.

Prezident İlham Əliyevin Səmərqənddə səsləndirdiyi fikirlər birbaşa və ani nəticəyə hesablanmamışdı. Amma əsas odur ki, diskurs dəyişdi (mövzu artıq açıq danışılır), psixoloji baryerlər qırıldı və gələcək siyasi addımlar üçün zəmin yarandı. Ən önəmlisi isə budur ki, bu çıxış Azərbaycanın artıq yalnız mövcud sərhədlər daxilində deyil, daha geniş milli və geosiyasi kontekstdə düşünməli olduğu həqiqətini göstərdi. Həmin düşüncə isə bizi müstəqil dövlət kimi uzun illər diri və iri tuta biləcək ən uğurlu siyasi xəttimizdir.

Cənubi Azərbaycan geosiyasi quruluşumuzun onurğa sütunudur. Cənubi Azərbaycanın əhəmiyyəti sadəcə etnik say çoxluğu ilə ölçülmür. Bu coğrafiya İranın iqtisadi, siyasi və hərbi arxitekturasında “həyati əhəmiyyətli arteriya” rolunu oynayır.

Təbriz, Ərdəbil, Həmədan, Qəzvin, Zəncan və Urmiya kimi tarixi Azərbaycan regionları İranın qeyri-neft sektorunun və ağır sənayesinin əsas mərkəzləridir. Bu bölgənin mərkəzdən iqtisadi baxımdan qopması Tehranın daxili bazarında bərpaolunmaz defisit yarada bilər. Ona görə ki, Cənubi Azərbaycan İranın Türkiyə və Avropaya çıxışını təmin edən yeganə strateji dəhlizdir. Bu ərazinin nəzarətdən çıxması İranın “quru mühasirəsinə” düşməsi və Qərb dünyası ilə fiziki əlaqəsinin kəsilməsi deməkdir.

Eyni zamanda paralel olaraq Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan–Türkiyə müttəfiqliyinə əsasən artıq Cənubi Azərbaycan məsələsində hər iki dövlətin vahid bir doktrina ilə çıxış etməsi vacibliyini təsdiqləyir. Bu hüquqi əsası olan müdaxilə artıq “yumşaq güc” mərhələsindən “strateji təsir” mərhələsinə keçib. Bakı və Ankaranın Zəngəzur dəhlizi layihəsi əslində bütün Türk dünyasını birləşdirən bir xəttin çəkilməsidir. Bu dəhliz Cənubi Azərbaycandakı soydaşlarımız üçün həm iqtisadi cəlbedicilik, həm də psixoloji dayaq nöqtəsidir.

Ankara

Ona görə də Ankara artıq Cənubi Azərbaycandakı etnik gərginlikləri sadəcə İranın daxili məsələsi kimi deyil, özünün regional təhlükəsizlik maraqlarının tərkib hissəsi kimi görür. Türkiyənin regiondakı artan hərbi və siyasi nüfuzu İrandakı Azərbaycan türkləri üçün ən böyük xarici legitimlik mənbəyidir.

Əgər Amerika–İsrailin İranla müharibəsi fonunda İran daxilində idarəolunmaz xaos yaranarsa, Bakı və Ankara beynəlxalq humanitar hüquq çərçivəsində “soydaşların mühafizəsi” missiyasını üzərinə götürə biləcək yeganə güclərdir. Bu, regionun yenidən bölüşdürülməsi zamanı Azərbaycan–Türkiyə ittifaqının masada ən güclü söz sahibi olacağını təmin edir.

İranın illərdir apardığı “fars mərkəzli” dövlət siyasəti artıq öz resurslarını tükədib. Bakı və Ankaranın bu məsələdəki qətiyyəti İranın daxili siyasətində ciddi sarsıntılara səbəb olub və olur. Elə mənşəcə Azərbaycan türkü olan hazırkı prezident Məsud Pezeşkianın məhz İranda yaşayan azərbaycanlıların səsi hesabına seçilməsi buna əyani sübutdur.

Azərbaycanın artan siyasi-hərbi və iqtisadi gücü və Türkiyənin qlobal diplomatik manevrləri Cənubi Azərbaycan məsələsini “mümkünsüz xəyal”dan “yaxın perspektivli vacibliyə” çevirib. İndi söhbət bu müdaxilənin olub-olmayacağından deyil, hansı zaman kəsiyində və hansı formatda reallaşacağından gedir…

Sayman

Sayman Arzu
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri

Chosen
46
49
musavat.com

10Sources