EN

Müasir əməkhaqqı modeli və yeni tendensiya – Dövlət qulluğu ilə bağlı VACİB MƏQAMLAR

Son illər əmək bazarında müşahidə olunan əsas tendensiyalardan biri gənclərin dövlət qulluğuna marağının azalması və daha çox özəl sektora yönəlməsidir. Daha yüksək gəlir imkanları, çevik iş mühiti və karyera inkişaf perspektivləri gəncləri bu seçimi etməyə sövq edir.

Bəs yeni əməkhaqqı modeli bu tendensiyanı dəyişə biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, gənclərin özəl sektora üstünlük verməsi təbii seçim kimi qiymətləndirilməlidir.

Milli

Deputatın sözlərinə görə, insanların əsas motivasiyası sərf etdikləri əməyin adekvat maddi qarşılığını almaqdır:

“Yaxşı maaş əldə etmək və sərf olunan vaxtın maddi baxımdan düzgün qiymətləndirilməsi üçün gənclər özəl sektora yönəlirlər. Dövlət orqanlarında, xüsusilə mərkəzi icra hakimiyyəti qurumları istisna olmaqla, əməkhaqları əksər hallarda özəl sektorla müqayisədə aşağıdır. Bu da insanların gündəlik tələbatlarını tam ödəməyə kifayət etmir”.

F.Mustafa qeyd edib ki, əmək sərfinin maliyyə ifadəsində özünü doğrultmaması gəncləri alternativ seçimlərə yönəldir:

“Əgər bir insan sərf etdiyi vaxtın qarşılığını kifayət qədər ala bilmirsə, o zaman daha ağır şərtlər olsa belə, daha yüksək gəlir əldə edə biləcəyi özəl sektoru seçir. Bu, həm də peşəkar inkişafla bağlıdır. Müəyyən sahələrdə öz bacarıqlarını daha sərbəst şəkildə reallaşdırmaq istəyənlər üçün özəl sektor daha cəlbedicidir”.

Deputat əlavə edib ki, bu tendensiya təkcə Azərbaycana xas deyil:

“Xarici ölkələrdə də oxşar vəziyyət müşahidə olunur. Dövlət sektoruna əsasən siyasətlə məşğul olmaq və ya idarəetmədə iştirak etmək istəyənlər üstünlük verir. Əksər insanlar isə normal həyat səviyyəsini təmin etmək üçün özəl sektora yönəlir”.

Onun fikrincə, özəl sektor müəyyən risklər daşısa da, qazanc imkanları baxımından daha üstün görünür və bu səbəbdən gənclərin seçimində həlledici rol oynayır.

Ekspert hesab edir ki, dövlət qulluğunda tətbiq olunacaq yeni əməkhaqqı modeli yalnız maaşların artırılması ilə kifayətlənməməli, həm də nəticəyönümlü qiymətləndirmə, karyera yüksəlişi və sosial təminat mexanizmlərini əhatə etməlidir.

Bununla belə, şəffaf və rəqabətqabiliyyətli sistem formalaşdırılarsa, dövlət qulluğu yenidən sabitlik və prestij axtaran gənclər üçün arzulanan iş yerlərindən birinə çevrilə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
71
konkret.az

1Sources