ain.az bildirir, Redaktor.az portalına istinadən.
"Amerika Birləşmiş Ştatlarının hava hücumları arzuolunan nəticəni vermədi. Baxmayaraq ki, Tramp İranın məğlub edildiyini söylədi. Lakin qarşıya qoyulan hədəflərin heç birinə nail olunmadı: nə nüvə proqramı ilə bağlı, nə ballistik raketlərlə bağlı, nə də proksi qüvvələrlə bağlı. Ən əsası, İranda rejimin dəyişəcəyini deyən Prezident Tramp bu vədini reallaşdıra bilmədi".
Bu fikirləri Redaktor.az-a ABŞ quru qoşunlarının İrana hücumu ehtimalından danışan politoloq Abutalıb Səmədov bildirdi.
Müsahibimizin sözlərinə görə, ehtimallar var ki, Amerika quru əməliyyatı aparmağa hazırlaşır:
"Lakin bunun üçün böyük silahlı qüvvəyə, geniş quru qoşunlarına ehtiyac var. Bölgədə Amerikanın cəmi 50 min hərbçisi var. Genişmiqyaslı quru əməliyyatı aparmaq üçün isə təxminən bir milyona yaxın hərbçi tələb olunur. Çünki İran ordusu 610 min hərbçidən ibarətdir və səfərbərlik yolu ilə bu sayın daha da artırılması mümkündür. Üstəlik, Tramp müttəfiqlərə ümid edirdi, lakin onlar bu əməliyyatlarda iştirak etməyəcəklərini bildirdilər. Hətta Hörmüz boğazının açılması məsələsində belə iştirak etmək istəmədilər. Bu isə onlardan "böyük fədakarlıq" tələb etmirdi. Bu səbəbdən genişmiqyaslı quru əməliyyatlarının aparılmasını qeyri-mümkündür.

Lakin məlumdur ki, İrandan təxminən 50 kilometr məsafədə Xark adası yerləşir. Ən böyük neft terminalı məhz oradadır və ixrac olunan neft və neft məhsullarının 90 faizi bu terminal vasitəsilə göndərilir. Amerika Birləşmiş Ştatlarının həmin adanı ələ keçirməsi ehtimalı mövcuddur. Oraya desant çıxarmaq mümkündür, çünki adanın sahəsi cəmi 21 kvadrat kilometrdir və orada 8 mindən bir qədər çox insan yaşayır. Bu addım İran iqtisadiyyatına ciddi zərbə vura və eyni zamanda İranı müəyyən güzəştlərə məcbur edə bilər. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının həyata keçirə biləcəyi yeganə quru əməliyyatı Xark adasının ələ keçirilməsi ilə məhdudlaşa bilər və bu da ciddi uğur kimi qiymətləndirilə bilər. Digər quru əməliyyatlarını isə istisna edirəm".
Nuriyyə NATİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.