EN

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə dövlət qulluğunda vahid və sabit əməkhaqqı sisteminə keçid təmin ediləcək.

Bunu "Report"a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

O xatırladıb ki, indiyə qədər dövlət qulluqçularının məvacibinin tərkibi bir neçə hissədən ibarət olurdu:

"Məvacib əməkhaqqı, əməkhaqqına əlavələr və mükafatlardan ibarət olurdu. Əlavələr özü də müxtəlif idi: təcrübəyə görə əlavələr, dövlət səlahiyyətlərinə məxsus qulluqçulara əlavələr və s. mövcud idi. Lakin bu əlavələri hər kəs ala bilmirdi. Çünki təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdi. İndi mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Yəni, qəbul olunmuş qanuna əsasən vahid və sabit əməkhaqqı sisteminə keçid baş verəcək".

Sahib Məmmədovun fikrincə, islahat nəticəsində artıq dövlət qulluqçusu əvvəlcədən biləcək ki, fiks olunmuş əməkhaqqı alacaq:

"Bu, Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, hətta qonşu Gürcüstanda tətbiq olunan üsuldur. Bu baxımdan Azərbaycanda da belə bir islahat aparılır. Mənim qənaətimcə, nəticə etibarilə, əvvəlki sistemdə əlavələri almayan dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərdə də əməkhaqqı artımı baş verəcək. Bu, onlar üçün bir stimullaşdırıcı məqamdır".

O qeyd edib ki, beynəlxalq təcrübədə belə düşünülür ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür:

"Belə ki, işçi əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda risk edib, korrupsiya hüquqpozmalarına yol vermir. Həmçinin, dövlət orqanlarının rəhbərlərinin də sui-istifadə, ayrı-seçkilik halları üçün imkanı olmur, çünki fiks olunmuş əməkhaqqı ödənilməlidir".

Dəyişikliklərin proqnozlaşdırıla bilən maliyyə xərcləmələrinə gətirib çıxaracağını deyən S. Məmmədovun sözlərinə görə, artıq dövlət orqanları əvvəlcədən nə qədər işçi olduğunu, onların nə qədər əməkhaqqı aldığını bilirlər:

"Bu, vacib elementlərdən biridir. Ümumiyyətlə, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər dövlət idarəetmə sistemində hazırda bu sahədə həyata keçirilən islahatların tərkib hissəsidir. Sadəcə, son dəyişiklik yalnız əməkhaqqını əhatə edir. Hesab edirəm ki, bu, optimallaşmaya xidmət edir, müsbət nəticələr verəcək. Dövlət qulluqçularının özü üçün sərfəli olmaqla bərabər, dövlətin idarəetmə sisteminin asanlaşmasına da xidmət edir".

Xatırladaq ki, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.

Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əməkhaqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.

Chosen
35
6
musavat.com

7Sources