EN

Yaz Mövsümündə Respirator Xəstəliklərdən Qorunmaq Üçün Vacib Tədbirlər

Yaz fəsli ilə birlikdə havaların dəyişkən keçməsi insanların sağlamlığına birbaşa təsir göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, bu dövrdə respirator xəstəliklərin və mövsümi qrip hallarının artması müşahidə olunur.

 İqlimdəki qeyri-sabitlik orqanizmin müdafiə sisteminə təsir edərək infeksiyalara qarşı həssas vəziyyət yaradır. Temperaturun tez-tez dəyişməsi virusların yayılmasını asanlaşdıran əsas amillərdəndir. Bayram və istirahət günlərində insanların bir araya gəlməsi isə yoluxma riskini artırır.

 

Çingiz Ramazanlı, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru, QHT.az-a olan açıqlamasında qeyd edib ki, yoluxucu xəstəliklərin qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına diqqət yetirmək vacibdir. Əllərin sabunla yuyulması, ictimai yerlərdə antiseptiklərdən istifadə, qapalı məkanların havalandırılması və sosial məsafənin qorunması yoluxma riskini xeyli azaldır.

 

Xəstəlik əlamətləri olan şəxslərlə təmasdan çəkinmək, simptom hiss edənlərin evdə qalması və vaxtında həkimə müraciət etməsi həm fərdi, həm də ictimai sağlamlığı qorumağa xidmət edir. Sağlam qidalanma, kifayət qədər yuxu və bol maye qəbulu immun sistemini gücləndirir.

 

Fərdi qoruyucu vasitələr, xüsusilə tibbi maskalar, hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısını almaqda effektivdir. Maskanın düzgün taxılması, burun və ağız hissəsinin tam örtülməsi yoluxma ehtimalını azaldır.

 

Bayram və istirahət günlərində gigiyena, sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə əsas diqqət mərkəzində olmalıdır. Bu sadə, amma effektiv tədbirlər yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda böyük rol oynayır.

Zəhra Ağayeva

Chosen
85
qht.az

1Sources