EN

Rüşvətin mükafat hissəsi

İcra hakimiyyətlərində ixtisarlar yüksək sürətlə davam edir, dünən Ağdam rayon İH-də 54 nəfəri işdən çıxarıblar. Nəticədə Ağdam rayonu hakimiyyətsiz qalıb, camaat bilmir başına haranın daşını töksün... Hətta Köçəryan şirniklənib Ermənistanda baş nazirliyə namizəd olub.Zarafat edirəm, əlbəttə. İcradan bu qədər kadrın çıxarılması rayonda icra edilən dövlət və qeyri-dövlət işlərinin tükünü belə tərpətməmişdir. Əslində, bu vacib, hələ bəlkə gecikmiş ixtisarlar Azərbaycandakı icra hakimiyyəti sisteminin nə qədər çürük və mənasız olduğunu göstərir. Misal üçün, mənim 53 yaşım var, hələ indiyəcən yaşadığım rayon icra hakimiyyətinin, o cümlədən onun yerli nümayəndəsinin nə iş görməli olduğunu bilmirəm, həmçinin, iş gördüyünü görməmişəm. Polis cinayətkarı tutur, müəllim dərs deyir, həkim iynə vurur, yol idarəsi yolu yamaqlayır və sairə. Bəs icra nümayəndəsi nə edir? Guya bu işlərin hamısını koordinasiya edir. Ancaq bir ata sözümüzdən çıxış etsək, “at suyu görür, su da atı, fıştırıq nəyə lazımdır ki”?

Hərçənd, bəzi atlara fit çalmasan su içmir. Obyektivlik xətrinə bunu yazmağa borcluyam.Dövlət qulluqçularının mükafat sisteminin ləğvi, daha doğrusu, təkmilləşdirilməsi qərarı da buna bənzər vəziyyət yaradır. Sitat: “Dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir”.

Sən demə dövlət qulluqçularımızın rəsmi vəzifə maaşı aldıqları pulun içində cəmi 35-45 faizə çatırmış, qalan böyük hissə cürbəcür “əlavə-mükafatlar” şəklində olurmuş. İndən belə isə həmin mükafatlar ləğv edilib maaşın tərkibinə qatılacaqmış.Bu da yaxşı addımdır, çünki qulluqçu maaşı rəsmi və gördüyü iş üçün aldığını dərk edəndə onun yaltaqlıq və lüzumsuz minnətdarlıq hissləri azalacaqdır. “Rəhbərliyin xoşuna gəlməsəm, mükafatımı kəsər” kimi inzibati-amirlik psixologiyası azalar, zəifləyər.

Yəqin islahatın kompleks olması üçün qeyri-rəsmi paket-konvert maaşları da ləğv olunar. Məsələn, deyilənə görə bəzi nazirlərin rəsmi maaşı 3-4 min manatdırsa, onlara konvertdə 40-50 min manat aylıq verilir və öz sahəsində qara camaatdan əlavə pul yığmaması tələb olunur. (Bu hadisə bizdə yox, Qrenlandiyada yaşanır, yanlış anlaşılmasın. Azərbaycanda nazirlər ömrünü xalqa xidmət üçün həsr edir, şam kimi yanırlar. Bəzi dövlət qulluqçuları Novruz tonqalı üçün üst-üstə yığılır, xalq hoppanır, şənliklər ilboyu davam edir, ağırlıq-uğurluğumuz odda yanır, axırda Keçəlin başında tük bitir, Kosa isə saqqalını uzadıb vəhhabi olur).O cümlədən, rüşvətin mükafat hissəsi vəzifə maaşının bazasına daxil edilsə yaxşı olar. Tamojnamızın əski müdiri Tahir müəllim demişkən, axı yığılanın hamısı rüşvət deyil, içində rüsumlar, vergilər də olur.

Ondan sonra, əlbəttə, heç kim dövlət qulluğunda işləmək istəməyəcək, özəl sektor inkişaf edəcək, biz Amerikaya çatıb, onu ötəcəyik.Ancaq istəsək ötməyə də bilərik. Nəyimizə lazımdır? Bizim öz yolumuz var. Elə bugünlərdə uşaqları şapalaqlamağın cəriməsini 200 manata qaldırmaq qanunu müzakirə edilirdi, onun əleyhinə çıxan deputatlardan biri isə qadın idi. Deyir uşaqları döyməsək, ailələr dağılacaq, Avropanın gününə düşəcəyik.Əsl azərbaycanlı anasıdır. Bu çıxışdan Tomris, Həcər, Dəlidağ, Əlincə ruhu sıçrayırdı.

Ən anekdotu isə bu idi ki, həmin deputat zənən xeylağı vaxtilə Bakıda Avropa Komissiyası nümayəndəliyində ciddi vəzifələrdən birini tuturdu. Deməli “yaxşısını götür, pisini at” siyasəti Avropada da işləyir. Arvad-uşağı təpikləmək cəriməsinin artırılması, ümumiyyətlə, geniş temadır, inşallah, buna qayıdarıq. Salamatçılıq olsun.

 

 

 

Chosen
54
musavat.com

1Sources