EN

Bayram şirniyyatlarının ömrü nə qədərdir? Ekspert DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Novruz bayramının gəlişi ilə bir çox evlərdə şirniyyatlar hazırlanır. Bəzi ailələr bayram şirniyyatlarını az miqdarda hazırlasa da, digərləri daha çox bişirib sonradan istifadə etmək üçün saxlayır.

Bəs bayramın sevilən şirniyyatları – şəkərbura, paxlava və badambura nə qədər müddət saxlanıla bilər?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, bayram günlərində şirniyyatların evdə necə və nə qədər müddət saxlanılması məsələsi hər zaman müzakirə mövzusu olub:

"Burada əsas məqam şirniyyatın tərkibi, istifadə olunan ədviyyatlar və xüsusilə yağların keyfiyyətidir. Çünki məhz yağ amili şirniyyatın keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biridir. Bu gün bəzi hallarda yağların düzgün seçilməməsi şirniyyatların tez xarab olmasına, xoşagəlməz qoxu verməsinə və hətta kiflənməsinə səbəb ola bilir. Digər tərəfdən, şirniyyatların həddindən artıq istehlakı da arzuolunan deyil. Bildiyimiz kimi, bu xüsusilə şəkərli diabet xəstələri üçün risklidir. Bundan əlavə, çox şirniyyat istehlakı mədə-bağırsaq pozğunluqlarına, o cümlədən qəbizliyə səbəb ola bilər".

Ekspert əlavə etdi ki, şirniyyatların bişirildikdən sonra saxlanma şəraiti düzgün seçilməlidir:

"Saxlanma üçün yer sərin, quru və rütubətsiz olmalıdır. Şirniyyatların saxlanma müddətinə gəldikdə isə, otaq temperaturunda bişirildikdən sonra 3-5 gün ərzində istehlak edilməsi tövsiyə olunur. Bu müddət şəkərbura, qoğal, badambura və paxlava kimi şirniyyatlara da aiddir. Burada yenə də temperatur rejiminə riayət etmək və sərin, quru mühit seçmək vacibdir. Soyuducuda saxlandıqda isə şirniyyatları təxminən iki həftəyə qədər qorumaq mümkündür. Baxmayaraq ki, bəzi hallarda insanlar şirniyyatları daha uzun müddət, hətta bir aya qədər saxlayırlar, bu zaman onların dad keyfiyyəti əvvəlki kimi olmur və istənilən nəticə əldə edilmir".

Müsahibimizin sözlərinə görə, istifadə zamanı şirniyyatın dadında acılıq, turşuluq və ya xoşagəlməz qoxu hiss olunarsa, həmin məhsullar qətiyyən istehlak edilməməlidir:

"Digər vacib məqam isə şirniyyatların təkrar dondurulması ilə bağlıdır. Şirniyyatları dondurub, sonra otaq temperaturunda açaraq yenidən dondurmaq düzgün deyil. Bu zaman məhsulun tərkibində dəyişikliklər baş verə bilər və bu da sağlamlıq üçün risk yarada bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
1
redaktor.az

2Sources