EN

Azərbaycanda internetlə bağlı müəmma: artım oldu, lakin... Açıqlama

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 153 ölkə arasında bir pillə irəliləyərək 91.27 MB/s sürətlə 80-ci yerdə qərarlaşıb. Rəqəmlər müsbət dinamikanı göstərsə də, gündəlik istifadəçilərin təcrübəsi bu artımla üst-üstə düşmür. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə vətəndaşlar həm internetin sürətindən, həm də qiymətindən narazılıqlarını bildirirlər.

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, statistik göstəricilərlə real istifadəçi təcrübəsi arasında fərq olması təbiidir.

Onun sözlərinə görə, açıq mənbələrdə təqdim olunan sürət nəticələri ölkə üzrə orta göstəricini əks etdirir:

“Bu isə əsasən yüksək sürətli fiber-optik infrastrukturun olduğu ərazilərin nəticələrinə əsaslanır. Lakin bütün istifadəçilər eyni texnoloji şəraitdə deyil. Son illərdə Azərbaycanda xüsusilə böyük şəhərlərdə internet infrastrukturu ciddi şəkildə inkişaf edib. Fiber-optik şəbəkələrin genişlənməsi nəticəsində yüksək sürətlər əldə olunur. Amma regionlarda və ya köhnə xətlər üzərində xidmət alan istifadəçilər bu artımı eyni səviyyədə hiss etmir”.

İstifadəçilərin “internet hələ də yavaşdır” şikayətlərinin əsas səbəblərinə gəldikdə isə, mütəxəssis bildirib ki, burada bir neçə texniki və praktiki faktor var:

“İnfrastruktur fərqləri: Hər yerdə fiber-optik şəbəkə mövcud deyil;

Şəbəkə yüklənməsi: Pik saatlarda sürət azalır;

Daxili şəbəkə problemləri: Router, Vayfay siqnalı və istifadəçi avadanlıqları;

Paketlərin real performansı: Təklif olunan maksimum sürət hər zaman stabil şəkildə təmin olunmur.

Bu faktorlar istifadəçi təcrübəsinə birbaşa təsir edir.

Eşqin Nuruşov

Reytinqdə yüksəliş texnoloji inkişafın olduğunu göstərir və bu, müsbət haldır. Amma bu inkişafın bütün istifadəçilərə eyni səviyyədə çatması üçün zaman lazımdır. Hazırda biz daha çox “lokal inkişaf” mərhələsindəyik, yəni müəyyən ərazilərdə ciddi irəliləyiş var, digərlərində isə proses davam edir”.

E.Nuruşov deyib ki, istifadəçi üçün əsas məsələ ödədiyi məbləğ qarşılığında stabil və keyfiyyətli xidmət almaqdır:

“Əgər sürət dəyişkəndirsə və ya fasilələr baş verirsə, qiymət yüksək kimi qəbul olunur. Bu baxımdan, provayderlərin əsas diqqəti yalnız sürəti artırmağa yox, həm də stabil və davamlı xidmət təqdim etməyə yönəlməlidir. Əsas problem texnoloji imkanlarla real istifadəçi təcrübəsi arasındakı fərqdir. İnfrastruktur inkişaf edir, amma bu inkişafın bütün istifadəçilərə çatdırılması və optimallaşdırılması hələ tam başa çatmayıb. Bu problemlərdən çıxış yolları isə fiber-optik şəbəkələrin daha geniş ərazilərə yayılmasından başlanıla bilər. Şəbəkə optimizasiyası və yük balansının düzgün idarə olunmasına diqqət yetirilməsi zəruridir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
82
globalinfo.az

1Sources