EN

Müharibəni uzatmaq ABŞ-a baha başa gələ bilər – YENİ GƏLİŞMƏ

ABŞ-ın Yaxın Şərqdə artan gərginlik fonunda İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşdığı bir vaxtda Pentaqon tərəfindən əlavə 200 milyard dollardan çox maliyyə tələbinin irəli sürülməsi təkcə hərbi planların miqyasını deyil, həm də Vaşinqtonun real imkanlarını və strateji hesablamalarını yenidən gündəmə gətirir. Bu qədər böyük büdcə artımı, ilk baxışda güc nümayişi kimi görünsə də, digər tərəfdən ABŞ-ın mövcud hərbi ehtiyatlarının gözlənildiyindən daha tez tükənməsi və uzunmüddətli müharibəyə tam hazır olmaması ilə bağlı ehtimalları da gücləndirir.

Bəs bu nəhəng maliyyə tələbi ABŞ-ın hərbi arsenalının əsl vəziyyəti haqqında nəyi göstərir?

Mövzu ilə bağlı politoloq Aydın Tağıyev KONKRET.az-a açıqlamasında bildirib ki, artıq müharibənin ilk mərhələlərində ABŞ-ın hərbi ehtiyatlarının məhdudlaşdığı müşahidə olunur.

Azerforum.com

Onun sözlərinə görə, bir neçə gün əvvəl Pentaqonun açıqlamasında İrana qarşı əməliyyatların ilk 6 günündə təxminən 11,3 milyard dollar vəsait xərcləndiyi qeyd olunub.

Ekspert hesab edir ki, hazırda tələb olunan məbləğ həddən artıq böyükdür və bu, ABŞ-ın əvvəlcədən planlaşdırdığı qısa müddətli əməliyyat ssenarisinin uğursuz olduğunu göstərir:

“ABŞ sursat, yanacaq və logistika ehtiyatlarını əsasən qısa müddətli əməliyyatlar üçün nəzərdə tutmuşdu. Müharibənin tez bitəcəyi düşünülürdü. Lakin döyüşlərin ilk günlərində milyardlarla dollar xərclənməsi ehtiyatların sürətlə tükənməsinə səbəb oldu. Bu isə uzunmüddətli müharibə üçün mövcud arsenalın kifayət etmədiyini açıq şəkildə ortaya qoyur”.

Politoloqun fikrincə, münaqişənin bu şəkildə davam etməsi ABŞ üçün daha böyük maliyyə yükü yaradacaq və bu, daxili siyasətdə də ciddi nəticələrə gətirib çıxara bilər.

“Nəticə etibarilə, hərbi xərclər ABŞ-ın sosial və elmi sahələr üçün nəzərdə tutulan büdcəsini xeyli üstələyir. Bu da maliyyə balansının hərbi sektora yönəldiyini göstərir və gələcək seçkilərdə hakimiyyət üçün ciddi problemlər yarada bilər”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı mümkün hərbi strategiyası və bunun üçün tələb olunan iri həcmli büdcə artımı beynəlxalq arenada da ciddi müzakirə mövzusuna çevrilib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
40
1
konkret.az

2Sources