EN

İlham Əliyevin adının olduğu o SİYAHI

Amerikalı məşhur siyasi analitik Ceyms C. Karafano sosial media platforması X-də "yüksələn" və nüfuzlu dünya liderlərinin siyahısı” adlandırdığı siyahı dərc edib. Siyahıya Azərbaycan Prezidenti İlham Əliyev, Argentina prezidenti Xavyer Miley, İtaliyanın baş naziri Giorgia Meloni, Finladiya prezidenti Aleksandr Stubb, Hindistan baş naziri Narendra Modi, Polşanın məşhur dövlət xadimi Karol Navrocki, Mərakeş kralı VI Məhəmməd, Ukrayna lideri Volodimir Zelenski, Almaniya kansleri Fridrix Merz və başqaları daxildir. Karafano ABŞ prezidenti Donald Trampı xüsusi olaraq qeyd edərək, onun "öz liqasında" olduğunu yazıb.

Ceyms C. Karafano Amerika milli təhlükəsizlik və xarici siyasət üzrə mütəxəssis, prezidentin baş məsləhətçisi və Heritage Fondunun beyin mərkəzinin əməkdaşıdır.

O, 25 illik ABŞ ordusu veteranı, tarixçi və müharibə, təhlükəsizlik və beynəlxalq siyasət mövzusunda bir neçə kitabın müəllifidir. O, həmçinin müntəzəm olaraq Amerika mediasında analitik kimi çıxış edir və müdafiə və xarici siyasət məsələləri üzrə məsləhətlər verir.

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin adının yüksələn və nüfuzlu dünya liderləri siyahısında qeyd olunması tamamilə təbiidir:

“Hətta bu cür siyahı olmadan da dünya ictimaiyyəti, dünyanın ən nüfuzlu, böyük dövlətlərinin liderləri Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyaslı, dünya siyasətində öz rolu və ciddi çəkisi olan lider olduğunu qəbul edirlər. Azərbaycan Cənubi Qafqazda əsas güc mərkəzlərindən birinə çevrilib. Xüsusilə 44 günlük Vətən müharibəsində torpaqlarını azad etdikdən və 23 saatlıq antiterror əməliyyatı ilə bütün ölkə ərazilərində suverenliyini təmin etdikdən sonra Azərbaycanın dünyada hərbi-siyasi mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Azərbaycan dünyaya heç kimin təqdim edə bilmədiyi nümunə təqdim etməyi bacarıb. Bu uğurların müəllifi isə Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevdir. Dünyada Azərbaycan dövləti ilə paralel onun liderinin də nüfuzu çox dövlətlərin və dövlət başçılarının qibtə etdiyi səviyyədə yüksəlib”.

Deputat qeyd edib ki, Azərbaycanın və onun liderinin həm regionda, həm də beynəlxalq müstəvidə təsir imkanları nəhəng dövlətlərin və nəhəng dövlətlərin liderlərinin təsir imkanları səviyyəsinə yüksəlib:

“Bu gün bölgəmizdə Azərbaycanın razılığı və iştirakı olmadan meqalayihələrin reallaşdırılması mümkün deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji layihələri də Azərbaycanın strateji əhəmiyyətini yüksəldib. Bu amil də İlham Əliyevin beynəlxalq nüfuzunu artıran əsas faktorlardan biridir. Prezident İlham Əliyevin ölkəsinin və xalqının maraqlarını hər şeydən üstün tutan müstəqil xarici siyasəti də onun dünyada nüfuzunu yüksəldən faktorlardandır. Azərbaycan Prezidentinin qətiyyətli, sözü imzası qədər etibarlı lider olması amili də ona dünyada böyük nüfuz gətirir. Prezident İlham Əliyevin dünyada siyasətində xüsusi yerə sahib nüfuzlu lider olması Azərbaycanın şansıdır”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
66
musavat.com

1Sources