Rabitəbank ölkədə maliyyə savadlılığının inkişafına yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” (Global Money Week) çərçivəsində növbəti maarifləndirici layihəsini reallaşdırıb. Bankın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Puldan danışaq!” devizi altında xüsusi təlim təşkil olunub.
Təlimin əsas məqsədi gənclərin maliyyə dünyasına daha şüurlu yanaşmasını təmin etmək, onlarda düzgün maliyyə davranışları formalaşdırmaq və gələcək iqtisadi qərarlarında daha savadlı seçimlər etmələrinə dəstək olmaq olub. Təlim zamanı iştirakçılara pulun effektiv idarə olunması, şəxsi büdcənin planlaşdırılması, qənaət və investisiya vərdişlərinin formalaşdırılması, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının uzunmüddətli təsirləri barədə ətraflı və praktiki məlumatlar təqdim edilib.
“Puldan danışaq!” devizi altında keçirilən builki “Qlobal Pul Həftəsi” kampaniyası xüsusilə gənclərin maliyyə savadlılığının artırılmasına yönəlib. Təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin erkən yaşlardan maliyyə biliklərinə yiyələnməsi, pul vəsaitlərini düzgün idarə etməyi öyrənməsi və məsuliyyətli maliyyə qərarları qəbul etmək bacarığını inkişaf etdirməsidir.
Qeyd edək ki, “Qlobal Pul Həftəsi” 2012-ci ildən etibarən dünyanın 176-dan çox ölkəsində keçirilən beynəlxalq təşəbbüsdür və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən koordinasiya olunur. Azərbaycan Mərkəzi Bankı isə 2025-ci ildən etibarən bu nüfuzlu şəbəkənin tamhüquqlu üzvüdür və ölkədə maliyyə savadlılığı təşəbbüslərinin genişləndirilməsinə mühüm töhfə verir.
Rabitəbank üçün maliyyə savadlılığının artırılması korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Bank bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslin maliyyə biliklərinin gücləndirilməsinə, onların daha dayanıqlı və düşünülmüş maliyyə davranışları formalaşdırmasına töhfə verməyə davam edir.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
.png)
.png)
.png)