EN

Novruzəli Aslanov: “Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə bütün region xalqlarını erməni faşizminin yaratdığı təhlükədən xilas etdi”



“Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi qırğınların tarixi yalnız son otuz ildə ölkəmizin torpaqlarının işğalı dövrü ilə məhdudlaşmır. Bu faciələrin kökləri daha qədim dövrlərə gedib çıxır. Hələ XIX əsrin əvvəllərində çar Rusiyasının siyasəti nəticəsində Cənubi Qafqaza, xüsusilə də tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər sonrakı iki yüz il ərzində regionun yerli xalqlarına, ilk növbədə isə azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədiblər. Deportasiyalar, etnik təmizləmələr və kütləvi qətliamlar həmin siyasətin əsas tərkib hissəsi olub. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində azərbaycanlılara qarşı törədilmiş qanlı soyqırımı hadisələri də xalqımızın yaddaşına həkk olunmuş ən ağır faciələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra tarixdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş bu cinayətlərə siyasi qiymət verilməsi istiqamətində addımlar atılmışdı. Lakin ölkədə sovet hakimiyyəti qurulduqdan sonra bir çox milli məsələlər kimi, “Mart qırğınları” mövzusu da uzun illər qadağalar altında saxlanıldı. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanıldı.”

Bunları Milli Məclisin deputatı Novruzəli Aslanov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar aia.az-a açıqlamasında deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dövlətinin uzun illər apardığı ardıcıl siyasət nəticəsində bu gün dünya ictimaiyyəti erməni millətçilərinin müxtəlif dövrlərdə xalqımıza və ölkəmizin digər sakinlərinə qarşı törətdikləri cinayətlər barədə daha dolğun məlumat əldə edib: “1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişindən sonra erməni millətçiləri öz niyyətlərini bolşevik şüarları altında həyata keçirməyə başladılar. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər bölgələrdə on minlərlə dinc sakin yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, məscidlər, qəbiristanlıqlar və mədəni irs nümunələri məhv edildi. Sonrakı illərdə də erməni millətçiləri öz cinayətkar fəaliyyətlərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə qırğınlar, talanlar və etnik təmizləmələr həyata keçirdilər. Bütün bu faktlar göstərir ki, 1918-ci ilin mart-aprel hadisələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə regionda yaşayan digər xalqlara qarşı törədilmiş və miqyasına görə bəşər tarixinin ən qanlı faciələrindən biri hesab olunmalıdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu hadisələrə siyasi qiymət verildi və martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” kimi təsbit olundu. Tarixi hadisələrin təhlili göstərir ki, Azərbaycan Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə yalnız öz torpaqlarını işğaldan azad etmədi, həm də bütün Cənubi Qafqaz regionunu erməni faşizminin yaratdığı təhlükədən xilas etdi. 2020-ci ilin sentyabr-noyabr aylarında cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı və 30 illik işğala son qoyuldu. 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz regionda uzun illər təhlükə mənbəyinə çevrilmiş erməni faşizminin belini qırdı və bütün şəhidlərimizin ruhunu şad etdi.” Novruzəli Aslanov bu fikirlərlə açıqlamasını yekunlaşdırıb.



Chosen
95
aia.az

1Sources