EN

Allahşükür Paşazadə: "Ramazan bayramı martın 20-ə təsadüf edir"

Ramazan bayramı martın 20-ə təsadüf edir.

"Cebheinfo.az" xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb.

"İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən Azərbaycan və dünya müsəlmanlarını təbrik edir, Allah-Taaladan oruc ibadətlərimizin qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Bu il Rəbbimizin vacib ilahi əmri olan müqəddəs Ramazan Bayramı Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz Bayramı ilə üst-üstə düşür ki, bu da onların mübarəkliyini və ülviliyini daha da artırır. Uca Yaradana həmd-sənalar olsun, biz müsəlmanlar bu müqəddəs və mübarək bayramları Ulu Rəbbimizin Lütfü, Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə sövq edən, qəlbindəki ülvi arzuları dirçəldən məqamlar kimi dəyərləndirir, şükürlər edirik.

Uca Allaha çox şükürlər olsun ki, əziz bayramlarımız dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri, soydaşlarımızın dədə-baba yurdlarına Böyük Qayıdışı, həyat şəraitlərinin yüksək səviyyədə təmin olunması hər birimizin qəlbini fərəhləndirir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik layihə və təşəbbüslərdə görür, bütün sahələrdə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir.

Allaha şükürlər olsun ki, dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını təcəssüm etdirir.

Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, o cümlədən, azad Şuşa və Xankəndində bayram ibadətlərində, qədim ənənələrə uyğun Novruz tonqalları ətrafında bizlərə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun müzəffər sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk.

Əziz həmvətənlər! Bir daha əziz bayramlar – Eydül-Fitr səadətinə yetişən bütün dünya müsəlmanlarını, o cümlədən, Novruz sevincini yaşayan xalqımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımızı yetiririk. Uca Allah bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Allah-Təala dünyadakı qarşıdurmaların tezliklə sülh və danışıqlar yolu ilə bitməsini nəsib etsin! Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlət rəhbərimizi müzəffər, xalqımızı hər zaman qalib qərar versin! Allah-Təala Azərbaycanı qorusun!", - təbrikdə bildirilib.

"Cebheinfo.az"

Chosen
73
28
cebheinfo.az

10Sources