Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə "Unikal"a BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:
"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir".
Məlumatda vurğulanıb ki, bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.