EN

Tehran hərbi idarəetməyə keçəcək, böyük iğtişaşlar olacaq İranşünas ekspert

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran sürətlə təcrübəli kadrlarını itirir. Ölkə ixtisaslı insan resurslarını təkcə bu cür itkilər səbəbindən deyil, həm də illərdir davam edən beyin axınına görə itirir. İtirilmiş təcrübəli şəxslərin yerini tutanlara baxanda isə ideoloji düşüncənin səriştədən üstün olduğu görünür.

Digər tərəfdən, bu vəzifələrə təyin olunan yeni şəxslər həm yaşlı nəsildəndir, həm də son dərəcə mühafizəkar baxışlara malikdir. Hazırda təhlükəsizlik, diplomatiya, kəşfiyyat və ordu daxilində gənc nəsil ilə bu yaşlı nəsil arasında dərin uçurum var. Başqa sözlə, dünyagörüşü və hadisələrə yanaşma baxımından gənc nəsil ilə müharibəni görmüş veteran nəsil arasında açıq qarşıdurma var. Möhsün Rezai (SEPAH-ın keçmiş komandanı. – red) və Səid Cəlili (Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi. – red) kimi ultra-sərt fiqurların sükanı ələ keçirməsi bu çatları daha da dərinləşdirəcək (bu gün olmasa da, sabah).

Bu qədər texnokratik fiqurun ölümü və siyasi səhnədən uzaqlaşması ölkəni tədricən hərbi idarəetməyə doğru apara bilər. İran hər dəfə belə sərt mövqeyə keçdikdə, böyük sosial iğtişaşlar baş qaldırıb. Məsələn, Əhmədinecad dövrünün siyasəti “Yaşıl Hərəkat”ı tətiklədi. Qasım Süleymaninin ölümündən sonra başlayan və Rəisi dövrünün simvolu olan sərt yanaşma Məhsa Əmini etirazlarını alovlandırdı. Səid Cəlili qeyd olunanlardan daha sərt fiqurdur. Bu düşüncə məktəbinin hakimiyyəti (və məlumatlara görə, Müctəba Xamenei də bu xətdən uzaq deyil) orta müddətdə iqtisadiyyatı və infrastrukturu ciddi şəkildə zədələnmiş İranda daha böyük sosial iğtişaşlara yol aça bilər.

Yuxarıda İranın beyin axını nəticəsində itirdiyi ixtisaslı insanlardan bəhs etdik. Əhmədinecadın zamanında və 2020-ci ildən sonrakı dövrdə bu beyin axını pik həddinə çatdı. “İnqilabi prinsiplərin” sərt şəkildə tətbiqi təkcə insanları küçələrə çıxarmaqla bitmədi, həm də on minlərlə ixtisaslı şəxsin universitetlərdən, dövlət qurumlarından və şirkətlərdən qaçmasına səbəb oldu. Səid Cəlili və Möhsün Rəzainin xəttini izləyən siyasətlər bu tendensiyanı daha da sürətləndirəcək. Kəşfiyyatda uğursuzluqlar daha da artacaq.

Müəllif: İran Araşdırmaları Mərkəzinin tədqiqatçısı Oral Toğa

Tərcümə etdi: Gülnar Səlimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
139
globalinfo.az

1Sources