EN

Novruz şirniyyatlarının qiyməti neçiyədir? - QİYMƏTLƏR

Novruz süfrəsinin ən gözlənilən nemətləri - şəkərbura, paxlava, badambura və qoğala son günlər tələbat xeyli artıb. Bununla yanaşı, qiymətlərdə də artım müşahidə olunur. Alıcılar bildirirlər ki, bu şirniyyatlar adi günlərlə müqayisədə daha baha satılır.

Day.Az xəbər verir ki, hazırda şirniyyatların qiymətləri belədir:

  • Paxlavanın kilosu 17-25 manat arasında dəyişir;
  • Şəkərburanın ədədi 1-1,70 manatdır;
  • Badambura 1-1,50 manat aralığında təklif olunur;
  • Qoğal isə 50 qəpikdən başlayaraq bəzi yerlərdə 2 manata qədər satılır.

Alıcılar qeyd edirlər ki, qiymətlər yüksək olsa da, bayram süfrəsi üçün şirniyyat almağa məcbur qalırlar. Bəziləri isə qənaət etmək üçün hər növdən az miqdarda almağa üstünlük verir. Onların sözlərinə görə, bayram süfrəsi üçün ümumilikdə 100-200 manat arası xərc çıxır.

Satıcılar da qiymət artımını təsdiqləyirlər. Bildirilir ki, əsas səbəb xammalın bahalaşmasıdır. Belə ki:

  • Kərə yağı 20-24 manatdan 30-35 manata qalxıb;
  • Fındıq ləpəsi 8 manatdan 22-23 manata yüksəlib.

Bu artım şirniyyatların qiymətinə də təsir edib. Məsələn:

  • Keçən il 1 manata satılan şəkərbura bu il 1,70 manata çatıb;
  • 15 manata təklif olunan paxlava isə artıq 17 manat və daha yüksək qiymətə satılır.

Şirniyyat mağazalarında ən çox tələbatın şəkərbura və paxlavaya olduğu bildirilir. Daha sonra isə qoğal gəlir.

Bəzi bölgələrdə isə Novruza xas fərqli şirniyyatlar hazırlanır. Məsələn, Şəkidə düyü halvası və məşhur Şəki halvası hazırlanır. Bu məhsulların da qiymətində artım var. Belə ki, əvvəllər 7-8 manata satılan Şəki halvası hazırda 10-11 manat civarındadır.

Ümumilikdə isə bayram xonçasının yalnız şirniyyatlardan ibarət hissəsi belə 160-200 manata qədər başa gəlir.

Elcan Turan
Day.Az

Chosen
66
day.az

1Sources