EN

Təkrar emal iqlim dəyişikliyinə qarşı effektiv vasitədir - QHT sədri

Tullantıların poliqonlarda  yığılması nəticəsində yaranan metan qazı ətraf mühit üçün ciddi təhlükə yaradır.Təkrar emal bu tullantıların həcmini azaltdığı üçün belə zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.Nəticədə, qlobal temperatur artımının sürəti müəyyən qədər zəifləyir.

QHT.az xəbər verir ki, bu sözləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, təkrar emal təbii resusların qorunmasına xidmət edir.Meşələrin qırılması, faydalı qazıntıların çıxarılması və su ehtiyyatlarının istismarı azalır. Bu isə ekosistemlərin sabitliyini qoruyaraq gələcək nəsillər üçün daha sağlam mühit yaradır:

"Azərbaycanda son illər tullantıların idarə olunması sahəsində müəyyən addımlar atılsa da, hələ də həllini gözləyən problemlər mövcutdur. Əsas çətinliklərdən biri tullantıların çeşidlənməsi mədəniyyətinin tam formalaşmamasıdır. Əhali arasında plastik, kağız və şüşə kimi materialların ayrı toplanması geniş yayılmayıb. İfrastruktur baxımından da müəyyən çatışmamazlıqlar mövcutdur.Xüsusilə regionlarda təkrar emal müəssisələrinin və xüsusi konteynerlərin sayı kifayət deyil. Bu isə tullantıların birbaşa poliqonlara yönəldilməsinə səbəb olur.Məhz bun görə tullantıların çeşidlənməsi üçün infrastruktur inkişaf etdirilməli,şəhər və rayonlarda xüsusi konteynerlər yerləşdirilməlidir.Dövlət və özəl sektor əməkdaşlığı gücləndirilərək yeni təkrar emal müəssisələrinin yaradılması təşviq olunmalıdır".

QHT sədri həmçinin bildirib ki, maarifləndirmə səviyyəsinin aşağı olması da əsas problemlərdəndir.İnsanların böyük bir hissəsi təkrar emalın əhəmiyyətini tam anlamır və gündəlik həyatında bu vərdişləri tədbiq etmir. Bundan əlavə, iqtisadi stimulların zəifliyi – məsələn, təkrar emala təşviq edən güzəştlərin və ya mükafat sistemlərinin olmaması bu sahənin inkişafını ləngidir. Ona görə də əhali arasında ekoloji maarifləndirmə gücləndirilməlidir.Məktəblərdə və ictimai platformalarda təkrar emalın əhəmiyyəti geniş şəkildə izah olunmalıdır:

"Təkrar emal iqlim dəyişikliyi ilə mübarizədə effektiv və əlçatan vasitələrdən biridir. O, həm ətraf mühitin qorunmasına, həm də iqtisadi resusların səmərəli istifadəsinə xidmət edir. Azərbaycanda bu sahədə potensial böyükdür və düzgün strategiyalarla daha təmiz, sağlam və davamlı gələcək qurmaq mümkündür.Biz gündəlik həyatımızda kiçik addımlarla böyük dəyişikliklər yarada bilərik.Tullantıları ayrı toplamaq, təkrar emal olunan məhsullardan istifadə etmək və ətraf mühitə daha məsuliyyətli yanaşmaq gələcəyimiz üçün ən doğru seçimdir. Ututmayaq ki, təbiəti qorumaq gələcəyi qorumaq deməkdir".

 

Pərvanə Fərhadqızı

Chosen
38
qht.az

1Sources