EN

Bu şəxslər avtomatik İŞDƏN ÇIXARILACAQ: Qanun deyir ki…

Azərbaycanın əmək qanunvericiliyində tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi qaydalarına təklif edilən yeni dəyişikliklər həm işəgötürənlər, həm də işçilər üçün ciddi hüquqi nəticələr vəd edir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsinə əlavələr, xüsusilə ictimai təhlükəsizlik və sağlamlıq standartlarının qorunması məqsədi daşıyır.

Yeni qanun layihəsinə əsasən, işə qəbul zamanı və ya əmək fəaliyyəti dövründə müəyyən tibbi tələblərə cavab verməyən şəxslərlə bağlanan müqavilələr artıq “avtomatik” qaydada xitam edilmə əsaslarına daxil edilir.

Bu dəyişikliklər xüsusilə narkoloji asılılığı olan şəxslərin riskli peşə sahələrində fəaliyyətinin qarşısını almaq, habelə ağır və zərərli iş şəraitində çalışanların, eləcə də qida, səhiyyə və ticarət sektorunda fəaliyyət göstərənlərin sağlamlıq vəziyyətini daha ciddi nəzarət altına almaq niyyəti güdür. Qanunvericilikdəki bu sərtləşmə, iş yerlərində peşə xəstəliklərinin və bədbəxt hadisələrin minimuma endirilməsi üçün zəruri addım kimi qiymətləndirilir.

Natiq Ələsgərov

Məsələni NOCOMMENT.az-a şərh edən “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov bildirib ki, təklif olunan bu dəyişikliklər əmək münasibətlərində şəffaflığı və təhlükəsizliyi təmin etmək üçün mühüm hüquqi filtr rolunu oynayacaq:

“Əmək Məcəlləsinin 74-cü maddəsinə edilməsi nəzərdə tutulan bu əlavələr əmək hüququnda tərəflərin iradəsindən asılı olmayan hallar anlayışını daha da konkretləşdirir və bu prosesin icra mexanizmini birbaşa qanunla tənzimləyir. Burada ən mühüm və prinsipial məqam narkoloji xəstəliyi olan şəxslərin müəyyən məhdudiyyətlər tətbiq edilən peşə növlərində və vəzifələrdə çalışmasının qəti şəkildə qadağan edilməsidir.

Əgər işə qəbul prosesində və ya əmək fəaliyyəti dövründə keçirilən tibbi müayinə zamanı şəxsin narkoloji asılılığı rəsmi rəylə aşkar olunarsa, işəgötürənin burada heç bir subyektiv qərar vermə səlahiyyəti və ya seçimi qalmır. Qanun birmənalı olaraq tələb edir ki, həmin şəxslə bağlanan əmək müqaviləsinə dərhal xitam verilsin.

Bu yanaşma təkcə işçinin öz sağlamlığını qorumur, həm də həmin şəxsin icra etdiyi funksiyalar səbəbindən ətrafdakı insanların, həmkarların və ümumilikdə cəmiyyətin həyatını təhlükəyə atmamaq məqsədi daşıyır.

Digər bir mühüm yenilik isə ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri, həmçinin əhalinin sağlamlığının bilavasitə asılı olduğu qida sənayesi, ictimai iaşə, səhiyyə və ticarət obyektləri ilə bağlıdır. Bu sahələrdə tibbi sağlamlıq arayışı (forma 86 və ya müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş digər sənədlər) olmadan kadrların işə götürülməsi artıq sadə bir inzibati qayda pozuntusu deyil, müqavilənin ləğvi üçün birbaşa hüquqi əsasdır. Əgər belə bir fakt aşkar edilərsə, işçinin əməyindən istifadəyə yol verilmir və tərəflərin iradəsindən asılı olmayaraq münasibətlərə son qoyulur”.

Hüquqşünas qeyd edib ki, işəgötürənlər artıq kadr sənədləşməsi və periodik tibbi yoxlamalar məsələsində qat-qat diqqətli olmalıdırlar:

“Çünki sağlamlıq arayışı olmayan və ya narkoloji testdən neqativ çıxan işçini vəzifədə saxlamaq işəgötürən üçün ağır hüquqi məsuliyyət, o cümlədən böyük məbləğdə cərimələr və fəaliyyətin məhdudlaşdırılması riskini yaradır.

Qeyd edim ki, bu dəyişikliklər həm də işəgötürənləri gələcəkdə yarana biləcək istehsalat qəzaları və ya epidemioloji fəsadlar zamanı daşıyacaqları mülki və cinayət məsuliyyətindən sığortalayır. Qanunvericilik bu yolla iş yerlərində “təhlükəsiz əmək şəraiti” anlayışını sadə bir şüardan real hüquqi öhdəliyə çevirir.

Vətəndaşlar isə anlamalıdırlar ki, bu tələblər onların iş hüquqlarını məhdudlaşdırmaq deyil, hər kəsin sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququnu təmin etmək üçündür”.

Turan
NOCOMMENT.az

Chosen
81
nocomment.az

1Sources