EN

Laricaninin ölümündən sonra dəhşətli şeylər olacaq İran üçün kritik ssenari

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi, o cümlədən son 20 gündür əsas fiqurların aradan qaldırılması ölkə daxilində ciddi narahatlıq yaradıb. Bu hadisələrin müharibənin gedişinə təsir edib-etməyəcəyi sual doğurur. 

Qeyd edilən məsələ müharibənin taleyini müəyyən edən əsas amil ola bilərmi? 

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Laricaninin öldürülməsi təkcə bir şəxsin aradan götürülməsi deyil, bu, İranın siyasi, dini və hərbi liderliyində idarəetmə mexanizmini sarsıdan sistemli bir kampaniyanın tərkib hissəsidir:

“Son günlərdə İranın Ali dini lideri, SEPAH, “Bəsic” və ordu strukturlarının yüksək rütbəli liderlərinin hədəfə alınması, prosesin təsadüfi olmadığını göstərir. Laricani İranda “sistem adamı” kimi tanınırdı. O, müxtəlif dövrlərdə parlament sədri, nüvə danışıqlarında iştirakçı və yüksək təhlükəsizlik strukturlarında təsirli fiqur olub. Bu baxımdan, onun aradan çıxması idarəetmədə boşluq yarada bilər. Xüsusilə Əli Xameneidən sonrakı dövrün qeyri-müəyyən olduğu bir şəraitdə belə fiqurların rolu daha da kritikdir. Laricani kimi təcrübəli və balanslaşdırıcı şəxslərin olmaması elita daxilində rəqabəti gücləndirə bilər. Digər mühüm məqam qərarvermə prosesinin radikallaşma ehtimalıdır. Laricani hər nə qədər son dövrdə sərt bəyanatları ilə seçilsə də, nisbətən praqmatik və kompromisə açıq fiqur hesab olunurdu. Onun yoxluğu daha sərt xətt tərəfdarlarının mövqelərini gücləndirə bilər. Bu isə İranın həm daxili siyasətində, həm də ümumiyyətlə daha aqressiv kurs götürməsi ehtimalını artırır. Bu cür liderlik itkiləri ciddi koordinasiya boşluqları yaradır”.

Yusif Bağırzadə

SEPAH və “Bəsic” liderlərinin aradan götürülməsi məsələsinə toxunan politoloq bildirib ki, bu, güc strukturları arasında əməliyyat əlaqəsini zəiflədə, kəşfiyyat və əməliyyat planlamasında gecikmələr yarada bilər:

“Eyni zamanda bu, psixoloji təsir doğurur, yəni rejimin zəiflədiyi təsirini yaradır. Bunun təkcə hərbi mənzərəni deyil, həm də diplomatik və geosiyasi oyunu dəyişdirməsi mümkündür. Məsələyə uzunmüddətli perspektivdə baxdıqda isə deyə bilərəm ki, İran sistemi institusionaldır və yalnız konkret fərdlərdən asılı deyil. SEPAH kimi qurumlar şəbəkə tipli idarəetməyə malikdir və sistemin əsas funksiyalarını qorumağa qadirdir. Tarix göstərir ki, belə elita zərbələri nadir hallarda rejimi tam çökdürür, əksinə, çox vaxt daha radikal və sərt xətt güclənir. Bu o deməkdir ki, liderlərin aradan götürülməsi İranın xarici siyasətini və regional strategiyasını daha aqressiv istiqamətə çəkə bilər”.

Politoloqun sözlərinə görə, bu proseslərdən sonra İranın kəskin cavab reaksiyalarına əl atacağı ehtimal olunur:

“Məsələn, proksi qüvvələr vasitəsilə regionda asimmetrik hücumları artıracaq, daxildə rejimin sərtləşməsi və repressiyaların genişlənməsi müşahidə olunacaq. Eyni zamanda, SEPAH və digər hərbi strukturların dominantlığı artacaq, qərarvermə prosesi daha militarist olacaq və diplomatiya imkanları məhdudlaşacaq. Lakin gələcəkdə ardıcıl elit zərbələrin daxildə çatlar yaratması da ehtimal olunandır. İqtisadi və sosial təzyiqləri də nəzərə aldıqda rejimin struktur zəifləməsi də mümkündür. Lakin təkbaşına qərarvermə mərkəzlərinin aradan götürülməsi müharibənin nəticəsini müəyyən etmir. İqtisadi, hərbi resurslar, logistik davamlılıq və ictimai dəstək kimi digər amillər həlledici olaraq qalır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
globalinfo.az

1Sources