EN

XIII Qlobal Bakı Forumu – uğur və inkişafın təntənəsi

Martın 12-də ölkəmizdə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda kecirilən XIII Qlobal Bakı Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha sübut etdi. Artıq dünyada hər kəs tərəfindən qəbul edilən həqiqətdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Bu dəfə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Əlbəttə ki, Forum, əslində, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün unikal məkandır. Belə tədbirlər xalqlar arasında körpü sala, ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviqində əhəmiyyətlidir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.

Dövlətimizin başçısı cənab İlham Əliyev Forumun açılışındakı çıxışında “Builki Forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək” söyləyərək bildirib ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. İşğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik.
Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda daha bir aktual məsələyə özünəməxsus şəkildə aydınlıq gətirib. “Bu gün toxunmaq istədiyim üçüncü mövzu isə bağlantı və nəqliyyat əlaqələridir. Görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu da insanlar, dövlətlər, iqtisadiyyatlar və təchizat zəncirləri üçün ciddi çətinliklər yaradır. Nəqliyyat və əlaqə xətləri pozulduqda beynəlxalq ictimaiyyətin bir çox üzvü çətin vəziyyətə düşür. Azərbaycanda isə biz fosil yanacaqların satışından əldə etdiyimiz gəlirlərin böyük hissəsini nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırmışıq. Bu gün Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri baxımından əvəzolunmaz tərəfdaşdır. Eyni zamanda, Orta Dəhliz və Şimal-Qərb dəhlizinin inkişafında aktiv iştirak edən və investisiya qoyan yeganə ölkədir. Azərbaycanın ərazisində bu dəhlizlər üzrə tikinti layihələri artıq tam başa çatdırılıb. Hazırda gördüyümüz iş isə mövcud dəhlizlərin ötürmə qabiliyyətini artırmaq üçün əlavə investisiyalar yatırmaqdır. Çünki Azərbaycan üzərindən tranzitə tələbat artır. Biz həm şərqdə, həm də qərbdə yerləşən bir çox ölkə üçün vacib tranzit imkanları təmin edirik”.

Regional layihələrin iştirakçısı, həmçinin, təşəbbüskarı kimi çıxış edən Azərbaycanın bu ərazidə baş verən istənilən məsələ ilə əlaqədar maraqları nəzərə alınır. Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməyib. Yeddi ay əvvəl sülh sazişi paraflanmış və tərəflər arasında birgə bəyanat qəbul edilib. Bununla yanaşı, Azərbaycan sülhün real həyatda da təmin olunmasına nail olub. Bu gün sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları müşahidə olunmur və artıq insan itkiləri baş vermir. Bu isə regionda yeni təhlükəsizlik mühitinin formalaşdığını göstərir.

Prezident İlham Əliyevin çıxışında post-müharibə dövründə sülhün bərqərar olunması və münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar da diqqətə çatdırılıb. Uzunmüddətli münaqişələrin həlli bəzi hallarda onilliklər tələb etsə də, regionda əldə olunan nəticələr nisbətən qısa müddətdə mümkün olub. Siyasi iradə, reallıqların qəbul edilməsi və qarşılıqlı maraqların nəzərə alınması yeni mərhələnin başlanmasına şərait yaradıb. Bu proses göstərir ki, davamlı sülh yalnız müharibənin sona çatması deyil, eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşması ilə möhkəmlənəcək. Azərbaycan dövlətinin bölgədə sülh və inkişaf üçün atdığı mühüm tarixi addımlar sübut edir ki, ölkəmiz daima sülhə və əməkdaşlığa önəm verən, bölgədə dağıdıcılığa deyil, birgə əməkdaşlığa önəm verən qüdrətli dövlətdir.

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri

Chosen
14
1
veteninfo.az

2Sources