"TamStore” supermarketlər şəbəkəsi satdığı malın çəkisində, ölçüsündə, hesabda alıcıları aldatdığı üçün barədsində cərimə protokolu yazılıb.
"TamStore” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
"TamStore”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 18 mart tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İnstaqramın "Nə yeyib, nə içirik?” adlı səhifəsində "TamStore” supermarketlər şəbəkəsindəki rüsvayçı vəziyyəti ictimailəşdirilmişdi. Sözügedən səhifənin hazırladığı videoda "TamStore”da tərkibi, istehsal tarixi, istehsalçı şirkəti məlum olmayan kolbasalar, içi kiflənmiş, qaralmış, istifadəyə tam yararsız olan yağların satıldığı təqdim edilmişdi.
Belə ki, kiflənmiş yağlar təzə məhsul kimi rəflərə yığılaraq endirimlə satışa təqdim edilib. Videodan məlum olur ki, endirimə qoyulan "Atena” yağlarının heç də biri deyil, hamısı eyni vəziyyətdə – kiflənmiş, qaralmış formadadır. Buna baxmayaraq "TamStore” heç bir yoxlama, nəzarət aparmadan xarab yağları rəflərə düzüb.
"TamStore”da problem təkcə yağlarla bağlı deyil. Marketdə istehsal tarixi, istehsalçı şirkət, tərkibi məlum olmayan kolbasalar da açıq formada satılır. Sözügedən kolbasalar çox alınmadığı üçün onları digər kolbasalaraın yanında hədiyyə olaraq təqdim edirlər. Adətən metro çıxışlarında gizli formada satılan tərkibi hansı heyvanın ətindən olduğu məlum olmayan bu cür kolbasaları "TamStore” müştərilərə hədiyyə adı ilə satır.
Xatırladaq ki, "TamStore” supermarketlərinin sahibi olan "TamStore” MMC "Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb. "TamStore” MMC-nin qanuni təmsilçisi Ceyhun Yusubov Lətif oğludur.
"Avrora Group”un qanuni təmsilçisi Samir Natiq oğlu Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
