Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonlar ənənəvi qaydada nümayişə çıxarılacaq.
Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər martın 19-u, 20-i və 21-də səhər saat 10:00-dan axşam 22:00-dək "İçərişəhər" stansiyasının birinci yolunda sərgilənəcək vaqonlarla yaxından tanış ola, foto-video çəkərək tarixin yaddaşına həkk edə bilərlər.
Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş"A" tipli vaqon, habelə 1950-ci illərin istehsalı "Q" və "E" tipli vaqonlar xüsusən orta və yaşlı nəslin nümayəndələrinə nostalji hisslər yaşadacaq.
Vaqonlar bayramla əlaqədar xüsusi bəzədiləcək, həmçinin Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gələcək.
Baharın müjdəçiləri 3 gün ərzində saat 10:00-dan 16:00-dək "İçərişəhər" stansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.
Bundan əlavə, Novruz və Ramazan bayramları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
"28 May-Əhmədli" və əksinə istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.
Martın 20-dən 31-nə qədər "Həzi Aslanov-Əhmədli" sahəsində qatarlararası interval 7 dəqiqəmüəyyənləşdirilib.
İntervallar "Avtovağzal-8 Noyabr" və əksinə istiqamətdə 7 dəqiqə, "Avtovağzal-Xocəsən" və əksinə mənzildə 14 dəqiqə təşkil edəcək.
"Bakmil" istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da bazar gününün qrafiki ilə tənzimlənəcək.