Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub.
"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib.
Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. 8 nəfər isə Ağdam Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14, Tovuz Rayon İcra Hakimiyyətinin 43, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38, Quba Rayon İcra Hakimiyyətinin 36, Göyçay Rayon İcra Hakimiyyətinin 27, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 və Bərdə Rayon İcra Hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər.
Telegram kanalımız