EN

Zövqü korlayan verilişlər bağlandı Efirdə yeni mərhələ başlayır

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən Azərbaycan teleməkanında diqqətçəkən qərar verildi – bir neçə populyar proqramın yayımı eyni vaxtda dayandırıldı. ATV-də “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni axtarıram” və “Həmin Zaur” verilişləri efirdən çıxarıldı. Eyni zamanda, Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” proqramının da yayımı dayandırıldı.

Bu qərar cəmiyyətdə uzun müddətdir müzakirə olunan bir məsələnin – efir keyfiyyətinin aşağı düşməsi probleminin nəticəsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan media eksperti Yadigar Məmmədli qərarın gecikmiş, amma zəruri addım olduğunu vurğuladı:

“Bu verilişlərdə etik qaydalar tez-tez pozulur, ədəbi dilin qorunması ilə bağlı ciddi problemlər yaşanırdı. Əsas məqsəd maarifləndirmə yox, reytinq qazanmaq idi. Məişət mövzuları üzərindən qurulan süjetlər tamaşaçının diqqətini cəlb etsə də, ümumi səviyyəni aşağı salırdı”.

Ekspert qeyd edir ki, tamaşaçı tələbatı da bu prosesdə rol oynayıb:

“Bir qisim tamaşaçı daha sadə və səthi məzmuna üstünlük verir. Bu isə zamanla proqramların keyfiyyətinin düşməsinə gətirib çıxardı. Nəticədə bu verilişlər cəmiyyət tərəfindən qəbul edilməz həddə çatdı”.

Onun fikrincə, bu qərar artıq formalaşmış ictimai rəyin nəticəsidir:

“Bu proses gözlənilən idi. Sadəcə vaxtında müdaxilə olunsaydı, vəziyyət bu qədər kəskinləşməzdi. İndi isə həmin proqramlar öz layiqli qiymətini aldı”.

Yadigar Məmmədli sonda vurğuladı ki, bu addım digər oxşar verilişlər üçün də siqnal rolunu oynayacaq:

“Bu tip proqramlar artıq tamaşaçını bezdirmişdi. Düşünürəm ki, bundan sonra efirdə keyfiyyət meyarları daha ciddi qorunacaq və oxşar layihələrə münasibətdə daha sərt yanaşma sərgilənəcək”.

İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət isə baş verənləri televiziya məkanında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirdi:

“Uzun illərdir bu tip verilişlər tənqid olunurdu. Ziyalılar, ictimai çəkisi olan şəxslər onların səviyyəsi ilə bağlı narazılıqlarını açıq ifadə edirdilər. Ümumi mənzərə belə idi ki, bu proqramlar tamaşaçı zövqünü korlayırdı. Üstəlik, gərəksiz emosionallıq yaradılır, bu da cəmiyyət üçün pis nümunə formalaşdırırdı. Hesab edirəm ki, verilişlərin dayandırılması məhz bu tənqidlərin nəticəsidir”.

Onun sözlərinə görə, bəzi proqramların niyyəti müsbət olsa da, təqdimat forması ciddi suallar doğururdu:

“Məsələn, “Səni axtarıram” insanların tapılması, qovuşdurulması baxımından faydalı idi. Amma bunun şouya çevrilməsi, emosionallığın süni şəkildə artırılması və manipulyativ yanaşmalar qəbuledilməz idi. Mən şəxsən bu səbəbdən həmin verilişlərə baxmırdım”.

Azər Həsrət hesab edir ki, bu sahədə fəaliyyət göstərən aparıcılar potensiallarını daha keyfiyyətli layihələrdə ortaya qoya bilərlər:

“Xoşqədəm Hidayətqızı da, Lalə Azərtaş da peşəkar və zəhmətkeş aparıcılardır. Sadəcə üslub dəyişməlidir. Daha intellektual, daha təmkinli yanaşma ilə yeni layihələr təqdim etsələr, tamaşaçı marağı da fərqli səviyyədə formalaşacaq”.

Lalə, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
1
www.bakupost.az

2Sources