EN

“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi həlledici mərhələyə daxil olur

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan parlamenti ötən həftənin sonunda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl enerji”nin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi ratifikasiya edib. Sənəd Mərkəzi Asiya ölkələrini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirəcək “Yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutur. Saziş 2024-cü il noyabrın 13-də Bakıda keçirilən COP29 çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb. Sənəd bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, ekoloji cəhətdən təmiz elektrik enerjisinin ticarətini, habelə “yaşıl enerji”, ammonyak və hidrogenin Avropa bazarlarına ixracını hədəfləyir.

Qazaxıstan Energetika Nazirliyinin məlumatına əsasən, layihənin əsas elementi Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sabit cərəyan kabelinin çəkilməsidir. Bu kabel vasitəsilə Qazaxıstan və Özbəkistanda istehsal olunan təmiz elektrik enerjisi Azərbaycana, oradan isə Qara dəniz enerji layihəsi vasitəsilə Avropaya ötürüləcək. Layihənin texniki-iqtisadi əsaslandırmasını İtaliyanın “CESI” beynəlxalq konsaltinq şirkəti hazırlayır. TİƏ-nin hazırlanmasının dəyəri təxminən 1 milyon avro təşkil edir və beynəlxalq maliyyə institutlarının qrant vəsaitləri hesabına maliyyələşdirilir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan regionun enerji xəritəsini dəyişir

Qeyd edək ki, 2025-ci il iyulun 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistanın sistem operatorları layihənin icrasını əlaqələndirən və ekspertlərin müntəzəm işgüzar görüşlərini təşkil edən “Green Corridor Alliance” birgə müəssisəsini yaradıblar. Birgə müəssisədə hər ölkənin payı 33,3 faiz təşkil edir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq çərçivəsində mühüm addımlardan biri də Bakıda keçirilən beynəlxalq müzakirələrlə müşayiət olundu. Belə ki, Asiya İnkişaf Bankı Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri ilə birlikdə martın 4-də Bakıda “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilk mərhələsinə həsr olunmuş başlanğıc seminar təşkil edildi. Bu görüş Xəzər regionunda vahid elektrik enerjisi şəbəkəsinin formalaşdırılması imkanlarının araşdırılması baxımından mühüm mərhələ kimi qiymətləndirilib.

Seminarda bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, elektrik şəbəkəsinin modelləşdirilməsi və Xəzər dənizi ilə çəkilməsi planlaşdırılan sualtı kabelin texniki parametrləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihənin hüquqi-normativ çərçivəsi, telekommunikasiya infrastrukturu və icra mexanizmləri də müzakirə olunan əsas mövzular sırasında olub.

“Yaşıl dəhliz”dən “Rəqəmsal İpək yolu”na... 

İqtisadçı Zahid Məmmədov bildirib ki, sazişin ratifikasiyası “yaşıl dəhliz”in reallaşması üşün mühüm mərhələnin başlanmasının hüquqi əsasını yaradır. Artıq Xəzər hövzəsi yeni nəsil kommunikasiya və enerji infrastrukturunun qovşağı kimi formalaşmağa başlayır. “Rəqəmsal İpək yolu” təşəbbüsü çərçivəsində Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel xətti region ölkələrinin rəqəmsal əlaqələrini gücləndirməklə yanaşı, enerji əməkdaşlığının texnoloji əsaslarını da möhkəmləndirir. Müasir enerji sistemlərinin effektiv fəaliyyəti üçün yüksək sürətli məlumat ötürülməsi və rəqəmsal koordinasiya həlledici rol oynadığından belə kommunikasiya infrastrukturu regional enerji layihələrinin ayrılmaz hissəsinə çevrilir. Xüsusilə də “yaşıl enerji” layihələrinin inkişaf etdiyi indiki mərhələdə bu təşəbbüsün əhəmiyyəti daha da artır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasını həyata keçirərək günəş, külək və su ehtiyatları əsasında yeni enerji mərkəzləri formalaşdırır. Paralel olaraq Mərkəzi Asiya ölkələrində də bərpaolunan enerji potensialının sürətlə inkişaf etdirilməsi region daxilində enerji əməkdaşlığını daha geniş müstəviyə çıxarır.

Belə şəraitdə fiber-optik kabel infrastrukturu enerji istehsalı ilə enerji bazarları arasında qurulan körpünün rəqəmsal dayağı rolunu oynayacaq. Bu texnoloji xətt vasitəsilə enerji sistemlərinin idarə olunması, ötürmə şəbəkələrinin sinxronlaşdırılması və regional enerji ticarətinin operativ koordinasiyası mümkün olacaq. Nəticədə, Xəzər regionu tədricən həm “yaşıl enerji” ixracının, həm də rəqəmsal kommunikasiya marşrutlarının kəsişdiyi mühüm geoiqtisadi məkana çevrilir.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin strateji əhəmiyyətinə toxunan Z.Məmmədovun fikrincə, Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında imzalanmış memorandum əsasında Qara dənizin dibi ilə çəkiləcək 1155 kilometrlik yüksəkgərginlikli kabel xətti Cənubi Qafqaz ilə Cənub-Şərqi Avropanın enerji sistemlərini birbaşa birləşdirəcək. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına daxil edilməsi ilə bağlı aparılan müzakirələr də layihənin Avropa miqyasında prioritet istiqamət kimi qəbul edildiyini göstərir.

“Yaşıl enerji geoiqtisadiyyatı” formalaşır

Digər ekspertlər də hesab edirlər ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası Mərkəzi Asiya-Xəzər-Avropa enerji dəhlizinin yeni mərhələyə keçdiyini göstərir. Bu layihə yalnız enerji əməkdaşlığı deyil, həm də regionda formalaşan yeni “yaşıl enerji geoiqtisadiyyatı”nın əsas elementlərindən biridir. Azərbaycan artıq Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələrində mühüm tranzit və strateji tərəfdaş rolunu sübut edib. İndi isə eyni geoiqtisadi modelin ‘yaşıl enerji’ sahəsində tətbiqi ölkənin regional enerji arxitekturasında mövqeyini daha da gücləndirə bilər. “Yaşıl enerji” qlobal bazarlara - xüsusilə Avropa enerji sisteminə çıxış əldə edərsə, qazanılacaq dividendlər bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, Azərbaycan üçün yeni enerji ixracı imkanları və tranzit gəlirləri formalaşacaq. İkincisi, region ölkələri üçün enerji təhlükəsizliyi və enerji sistemlərinin diversifikasiyası güclənəcək. Üçüncüsü isə bu layihə Xəzər hövzəsini yalnız neft-qaz regionu kimi deyil, həm də “yaşıl enerji platforması” kimi beynəlxalq enerji xəritəsində daha mühüm mövqeyə çıxara bilər.

Nəticə etibarilə, bu təşəbbüs təkcə üç ölkə arasında enerji əməkdaşlığı deyil, həm də Avrasiya məkanında yeni “yaşıl enerji körpüsü”nün formalaşmasına doğru strateji addım kimi qiymətləndirilə bilər.

Strateji baxımdan bu layihə Azərbaycanın dünya enerji xəritəsində rolunu dəyişə bilər. Azərbaycan beynəlxalq bazarda artıq yalnız neft və qaz ixrac edən məkan kimi deyil, həm də qlobal enerji keçidində mühüm “yaşıl enerji platforması” kimi çıxış etmək imkanına malik olacaq, ölkəmizin dayanıqlı enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməyə və Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevirməyə imkan yaradacaq.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

3Sources