EN

“Drujba” açılmasa...

Ukrayna imtina edir, Macarıstan veto qoyur...

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təminatı məsələsi əsas müzakirə predmetlərindəndir. Qeyd edək ki, son dövrlərdə Aİ-nin Ukranaya yardımlarına qoyulan təşkilatdaxili vetoların da əsasında məhz bu məsələ dayanır. Belə ki, veto hüququndan aktiv şəkildə istifadə edən Macarıstan və Slovakiya rəsmi Kiyevi “Drujba” neft kəmərinin bərpası ilə bağlı müzakirələrə dəvət etsə də, qarşı tərəfin imtinası ilə qarşılaşırlar. Bu dəfə də eyni hal yaşanıb - Macarıstan və Slovakiya “Drujba” neft kəmərinin bərpası ilə bağlı Ukraynanın energetika naziri ilə görüş keçirməyi təklif etsələr də, Kiyev bundan imtina edib. Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto Avropa İttifaqı XİN rəhbərlərinin görüşü əsnasında bunu Brüsseldə deyib. “Biz bu gün Brüsseldə Ukraynanın energetika naziri ilə üçtərəfli görüş keçirməyi təklif etdik, lakin Ukrayna tərəfi son anda geri çəkildi”, - deyə Peter Siyyarto jurnalistlərə bildirib. Nazirin sözlərinə görə, bu, “Drujba” kəmərinin texniki cəhətdən etibarlı olduğunu və Ukraynanın onu yalnız siyasi səbəblərə görə bağladığını sübut edir. “Kiyev bizə qarşı neft blokadasını davam etdirəcəksə, biz də Brüsselin onlara fayda verəcək heç bir qərarını dəstəkləməyəcəyik”, - deyə nazir vurğulayıb.

Ukrayna icazə vermədi...

Siyyarto bildirib ki, Ukrayna “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü dayandırmağa davam edir. O əlavə etdi ki, Kiyev, həmçinin ötən həftə Kiyevdə olan Macarıstanın energetika nazirinin müavini Qabor Çepekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən də imtina ediblər. Xatırladaq ki, bu nümayəndə heyətinə Aİ, Macarıstan və Slovakiya mütəxəssisləri daxil idi və həmin nümayəndə heyəti boru kəmərinin yoxlanılmasına icazə istəmişdi. Siyyartonun fikrincə, bu davranış Ukraynanın “Drujba” boru kəmərinin texniki cəhətdən işlək olduğunu, sadəcə, Ukraynanın onu siyasi səbəblərdən bloklamağa davam etdiyini sübut edir.

Almaniya da təzyiq edir...

Siyyarto, həmçinin Aİ daxilindəki müzakirələrdə də ikitərəfli münasibətin ortaya qoyulduğunu bildirib. Onun sözlərinə görə, Macarıstan tərəfi Aİ XİN başçılarının görüşündə Ukraynanın “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa etmək ehtiyacı məsələsini qaldırıb. Onun sözlərinə görə, Ukraynanın davranışı Aİ-də yumşaq qarşılanır, Macarıstanın mövqeyi isə Almaniya xarici işlər nazirinin qəzəbinə səbəb olub. Macarıstan xarici işlər naziri qeyd edib ki, o, bu vəzifədə 11 ildir çalışır, lakin bu, onun belə bir vəziyyətlə ilk dəfə qarşılaşmasıdır. Siyyarto qeyd edib ki, bu təhdidlər Macarıstan hökumətini Ukraynaya yanaşmasını dəyişdirməyə məcbur etməyəcək.

Yeni kəmər razılaşması...

Qeyd edək ki, artıq Macarıstan və Slovakiya yeni neft kəməri barədə razılığa gəliblər. Belə ki, müqavilə Macarıstan və Slovakiya tərəfindən Bratislava və Sazxalombatte neft emalı zavodlarını birbaşa birləşdirəcək benzin və dizel yanacağının daşınması üçün yeni boru kəmərinin tikintisini özündə ehtiva edir. Bu xətt Rusiyanın Ural xam neftindən istifadə edən Macarıstanın MOL şirkətinə məxsus neft emalı zavodlarını birləşdirir. Sazxalombatte qurğusu, həmçinin Macarıstanın dəniz yolu ilə Rusiya neftini almağa ümid etdiyi Xorvatiyadan Adriatik dənizi boru kəmərinə bağlıdır.

AK vəziyyətdən xəbərdardır

Avropa Komissiyası isə Kiyevin 27 yanvar tarixindən bəri Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılan “Drujba” boru kəmərində təmir işlərinin başlanması barədə məlumat verdiyini açıqlayıb. Avropa Komissiyasının enerji komissarı Dan Yorgensen bildirib ki, bununla bağlı Ukrayna nümayəndə heyəti ilə görüşü olub: “Onlar boru kəmərini mümkün qədər tez təmir etmək üçün çalışdıqlarını söylədilər”.

Qeyd edək ki, yanvar ayının sonunda Macarıstana “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin ixracı dayandırılıb. Ukrayna bunu boru kəmərinin zədələnməsi və təmiri ilə əlaqələndirib. Budapeşt isə bu səbəblərin doğruluğuna şübhə ilə yanaşır.

Fevralın ortalarında isə “Drujba” boru kəməri vasitəsilə Slovakiyaya da yanacaq nəqli dayandırılıb. Baş nazir Robert Fiko Ukrayna prezidenti Volodimir Zelenskinin boru kəmərinin vəziyyətini yoxlamaqdan imtina etdiyini bildirmişdi.  Avropa Komissiyası isə yoxlama komitəsinin yaradılmasını təklif edib. Martın əvvəlində Zelenski bildirib ki, əgər Aİ ölkələrinin Kiyevə verəcəyi 90 milyard avroluq kreditin bloklanmaması üçün Ukrayna altı həftə ərzində Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edə bilər.

Kiyev haqlıdırmı?

Ekspertlərin fikrincə, “Drujba” boru kəməri ilə neftin ixracı Rusiyanın maliyyə vəziyyətinə müsbət təsir göstərdiyi üçün Kiyev bu addımı atır. Bir çox Qərb siyasətçisi Ukraynanın heç bir halda “Drujba” boru kəməri ilə neft tədarükünü bərpa etməməli olduğu düşüncəsindədir. Çünki bu kəmərin son 4 ildə işləməsi Moskvaya 20 milyard avro qazandırıb. Ukraynanın mövqeyini dəstəkləyən politoloqların fikrincə, Ukrayna ilə Aİ arasında imzalanan Assosiasiya Sazişinin 276-cı maddəsində fors-major halında Ukraynanın enerji tranzitini dayandırmaq hüququ olduğu göstərilir. Müharibəni də məhz belə bir fors-major hal kimi dəyərləndirənlər, Kiyevin haqlı olduğunu iddia edirlər.

Dünyanın ən böyük magistral neft boru kəməri sistemi...

Qeyd edək ki, “Drujba” dünyanın ən böyük magistral neft boru kəməri sistemidir. Kəmər 1960-cı illərdə Sovet İttifaqı istehsal müəssisəsi olan “Lengazspetsstroy” tərəfindən Volqa-Ural neft və qaz yataqlarından nefti Qarşılıqlı İqtisadi Yardım Şurasının üzvü olan sosialist ölkələrinə: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən ADR-ə çatdırmaq üçün inşa edilmişdi. Boru kəməri marşrutu Almetyevskdən Bryanska, daha sonra Mozıra qədər uzanır və bundan sonra iki hissəyə bölünür: şimal hissəsi Belarus, Polşa, Almaniya, Latviya və Litvadan keçir, cənub hissəsi isə Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiyanı əhatə edir. Sovet İttifaqı dövründə boru kəmərinin Sovet hissəsinin idarəetmə mərkəzi Lvov şəhəri idi. SSRİ-nin dağılmasından sonra Bryansk Rusiya hissəsinin idarəetmə mərkəzinə çevrilib.

Sistem 8900 km boru kəmərindən (o cümlədən Rusiyada 3900 km), 46 nasos stansiyasından və 38 ara nasos stansiyasından ibarətdir ki, onların çən parkları 1,5 milyon kubmetr neft saxlayır. Boru kəməri hər il MDB xaricinə 66,5 milyon ton, o cümlədən şimal qolu vasitəsilə 49,8 milyon ton neft ixrac edir.

2006-cı ilin iyul ayında kəmərin Bryansk bölgəsindəki Uneça - Polotsk-1 və 2 hissələrində qəza baş verdi. Boru kəmərinin zədələnmiş hissəsinin yoxlanılmasından sonra “Drujba” boru kəmərinin şimal qolu vasitəsilə neft nəqlini tamamilə dayandırmaq qərara alındı. Rusiya - Ukrayna müharibəsi isə kəmərin cənub xəttini təhdid altında qoyur. Cənub xəttindəki hazırki bağlanma da ilk deyil - 2022-ci ilin noyabrında kəmər elektrik kəsilməsindən sonra bağlanıb. Bir neçə gün sonra isə “Drujba” boru kəməri vasitəsilə tədarük bərpa olunub. Eyni zamanda, 2023-cü ilin fevral ayında Rusiya “Drujba” boru kəməri vasitəsilə Polşaya (Orlen) neft tədarükünü dayandırıb.

P.İSMAYILOV

1Sources