EN

“HƏR ÜÇ TƏRƏF TÜRKİYƏNİ MÜNAQİŞƏYƏ QOŞMAĞA ÇALIŞIR” “ABŞ bu müharibəni dayandırmağa məcbur qalacaq”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad İsazadə: “Əgər əhali İran ordusunu dəstəkləsə, onlar müəyyən mərhələdə nəzarəti öz əllərinə ala bilərlər”

Hərbi ekspert Azad İsazadə “AzPolitika”ya müsahibəsində ABŞ-İsrail koalisiyasının İrana qarşı əməliyyatlarının gedişi, əldə olunan nəticələr, müharibənin dayandırılması perspektivi və digər mövzularda sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Azad bəy, ABŞ-İsrail koalisiyasının İrana qarşı hücumları üçüncü həftədir davam edir. Hərbi baxımdan indi vəziyyət nədən ibarətdir?

- Bir tərəfdən baxanda, doğrudan da, İranın hərbi donanması praktiki olaraq ləğv olunub, hərbi obyektlərə çox güclü zərbələr vurulub. Amma reallıq ondadır ki, İran hələ də müqavimət göstərmək qabiliyyətinə malikdir və bu müharibənin sonu hələ görünmür. Ukrayna müharibəsi ilə müqayisə etsək, ilk həftədə Ukrayna dözdü, sonra isə tədricən özünə gəlməyə başladı. İndi də oxşar vəziyyət müşahidə olunur. Fərq ondadır ki, ABŞ hələlik böyük itkilər vermir.

İstər Ukrayna müharibəsi, istərsə də İrana qarşı əməliyyatlar göstərdi ki, hərbi donanma artıq əvvəlki kimi həlledici rol oynamır. Qara dənizdə Rusiya hərbi donanması faktiki olaraq sıradan çıxarılıb. Ukraynada demək olar ki, donanma yox idi, İranın donanması da eyni şəkildə zəiflədilib. ABŞ hərbi donanması isə daha çox təyyarədaşıyan platforma, yəni üzən aerodrom və raket daşıyıcısı kimi istifadə olunur. Bu baxımdan, onun rolu daha çox dəstək xarakterlidir.

- Bu mərhələdə hansı tərəf məqsədinə daha yaxın nəticə əldə edib?

- Real vəziyyətə baxsaq, hərbi-siyasi baxımdan İsrail müəyyən məqsədlərinə nail olub. Onlar İranın özlərinə təhlükə yarada biləcək hərbi obyektlərini sıradan çıxarır, o cümlədən raket qurğularını hədəfə alırlar. Təxminən 100-ə yaxın qurğu qalıb və İsrail aviasiyası gündəlik olaraq onların bir hissəsini məhv edir. Bu üç tərəfin qarşılıqlı zərbələri fonunda müəyyən üstünlük əldə edən tərəf varsa, bu da daha çox İsraildir. Bununla belə, müharibə davam edir və onun nə vaxt bitəcəyi hələ məlum deyil. ABŞ isə əlavə olaraq “Corc Buş” aviadaşıyıcısını bölgəyə göndərir. Çünki mövcud aviadaşıyıcı qruplarında resurslar, xüsusilə də “Tomahavk” tipli raket ehtiyatları azalıb. Buna görə yeni qüvvələrin cəlb olunması planlaşdırılır.

- ABŞ bölgəyə 5 min nəfərə qədər desant qüvvələri göndərdiyini açıqlayıb, məhdud da olsa quru əməliyyatlarının keçirilməsi mümkündürmü?

- Əgər quru əməliyyatları başlasa, bu halda vəziyyətin Əfqanıstan və İraq müharibələrinə bənzər ssenari üzrə inkişaf etməsi ehtimalı yüksəkdir. Belə bir təzyiq altında İran rejimi gec-tez zəifləyə bilər. Lakin ən böyük təhlükə ondan ibarətdir ki, İran İraq kimi parçalana və ölkədə mərkəzi hakimiyyətə tabe olmayan müxtəlif silahlı qruplar formalaşa bilər.

– İranda hakim rejimin zəifləyib ölkəyə nəzarəti itirməsi hansı perspektivdə mümkündür?

– ABŞ İran rəhbərliyini tədricən sıradan çıxararaq gözləyir ki, son nəticədə danışıqlara gedə biləcək qüvvələr hakimiyyətə gəlsin. Lakin reallıqda əks proses baş verdi. SEPAH rəhbərliyi ön plana çıxdı və praktiki olaraq danışıqlara meylli deyil. Buna görə də ehtimal olunur ki, növbəti zərbələr məhz SEPAH-a yönələcək.

Emosional baxımdan anlayırıq ki, İran bizim üçün müəyyən təhlükə yaradır. Digər tərəfdən isə orada 40 milyona yaxın etnik qardaşımız yaşayır və biz istəmərik ki, uzunmüddətli vətəndaş müharibəsi başlasın. İdarə olunmayan xaosun Yaxın Şərqdə yayılması heç kimə fayda verməz. Məncə, ABŞ sonda bu müharibəni dayandırmağa məcbur qalacaq. Nəticədə Tehranda da, Vaşinqtonda da “qələbə” kimi təqdim olunan bayram ab-havası yaradıla bilər. Lakin reallıqda ən çox qazanan tərəf İsrail olacaq. Çünki uzun müddət ərzində İranın İsrailə qarşı ciddi hərbi imkanları xeyli zəifləyəcək.

– Bu ssenari hansı müddətdə gerçəkləşə bilər? Nəzərə almalıyıq ki, gələn ay ABŞ-də Tramp administrasiyasının əl-qolunu bağlayan seçki kampaniyası başlayır...

– Optimist ssenariyə görə, Donald Tramp mümkün qədər tez zamanda müharibəni dayandırmağa çalışacaq. Bu halda İran tədricən öz strukturunu, xüsusilə sosial və vətəndaşa xidmət sistemlərini müəyyən qədər bərpa etməyə yönələ bilər. Əgər müharibə uzanarsa, bu, həm ABŞ daxilində siyasi problemlərə səbəb olacaq, həm də İran daxilində daxili gərginlikləri artıracaq.

– Azad bəy, hazırda ABŞ üçün əsas hədəflərdən biri İranın Hörmüz boğazı və Xark adası üzərində öz nəzarətini təmin etməkdir. Tramp hətta NATO və Asiya müttəfiqlərindən dəstək istədi, amma qoşulan olmadı. Sizcə, ABŞ müttəfiqlərsiz bu iki hədəfinə nail ola biləcəkmi?

– ABŞ buna cəhd edir, lakin Avropa ölkələrinin dəstəyi zəifdir. Nə Böyük Britaniya, nə Almaniya, nə də Fransa bu prosesdə aktiv iştirak edir. Fransanın aviadaşıyıcısı formal olaraq göndərilsə də, proses ləng gedir, Britaniyanın isə hələlik real hərbi addımı görünmür. Avropa ölkələri bunu riskli və qeyri-müəyyən addım kimi qiymətləndirirlər. Onlar əmin deyillər ki, ABŞ bu prosesi sona qədər davam etdirəcək. Xüsusilə Donald Trampın qərarlarının dəyişkənliyi səbəbindən ona tam etimad yoxdur. Nəticədə Avropa dövlətləri əvvəlki kimi vahid cəbhə kimi çıxış etmir. İstər İraq, istərsə də Suriya müharibəsi dövründəki kimi birlik müşahidə olunmur. Hazırda hər ölkə daha çox öz təhlükəsizliyini düşünür, ehtiyatlarını artırır və silahlanmaya üstünlük verir. Bu isə onu göstərir ki, beynəlxalq sistemdə ABŞ-yə əvvəlki güvən artıq zəifləyib.

– Bəs İran daxilində vəziyyət necədir? Əlbəttə, indi ön planda olan SEPAH-la bərabər İranın silahlı qüvvələri və digər təhlükəsizlik strukturları da var. Bu qurumların mövqeyinin SEPAH-ın yürütdüyü xətlə toqquşması mümkündürmü?

– Maraqlı məqam ondan ibarətdir ki, zərbələr əsasən orduya deyil, SEPAH hissələrinə də yönəldilir. Raket qoşunlarının böyük hissəsi SEPAH-ın nəzarətindədir, amma quru qoşunlarında da müəyyən raket bölmələri mövcuddur, sadəcə onlar o qədər güclü deyil. Əsas güc daha çox aviasiya, donanma və raket sistemlərində cəmləşib. İstisna etmirəm, qarşı tərəf ümid edir ki, gec-tez ordu ilə SEPAH arasında müəyyən qarşıdurma yarana bilər. Ordu texniki baxımdan daha zəif silahlanmış olsa da, say baxımından daha çoxdur. Əgər əhali onları dəstəkləsə, ordu müəyyən mərhələdə nəzarəti öz əlinə ala bilər. Bu baxımdan, ehtimal etmək olar ki, ordu generalları ilə də müəyyən iş aparılır.

– Bəs niyə İran xalqı ABŞ və İsrailin gözləntilərini doğrultmadı? Müharibədən əvvəl güman edilirdi ki, müttəfiqlərin zərbələrindən sonra İranda etirazlar və üsyanlar olacaq, bu da rejimin zəifləməsinə və dəyişməsinə gətirib çıxaracaq. Amma bu ssenari baş tutmadı.

– Birinci səbəb odur ki, insanlar Donald Trampa inanmır. Bu gün ona tam güvənən demək olar ki, yoxdur. Bəli, müəyyən dairələr onu dəstəkləyə bilər, amma ümumi etimad zəifdir. Tarixi təcrübə də burada rol oynayır. Məsələn, müharibədən əvvəl etirazlara çağırışlar oldu, Tramp dedi ki, siz başlayın, biz köməyə gəlirik. Amma aradan bir aydan çox müddət keçsə də addım atılmadı. Nəticədə üsyanlar çox sərt şəkildə yatırıldı. Qeyri-rəsmi məlumatlara görə, on minlərlə insan həyatını itirdi, daha sonra isə genişmiqyaslı həbslər həyata keçirildi. Hazırkı vəziyyətdə insanlar küçəyə çıxmaqdan çəkinir. Çünki ikiqat risk var: həm xaricdən raket zərbələri, həm də daxildə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi. Üstəlik, etirazlar asanlıqla “dövlətə xəyanət” kimi qiymətləndirilə bilər. Bununla belə, müəyyən hərəkətlilik müşahidə olunur. Xüsusilə kürdlərin və ərəblərin yaşadığı bölgələrdə lokal narazılıqlar var. Amma bu, hələ genişmiqyaslı deyil və bəlkə də hazırkı şəraitdə bunun olmaması daha az risklidir.

Ümumilikdə, hazırda cəmiyyətdə əsas prioritet regionda sabitliyin bərpasıdır. İnsan hüquqları, dil məsələləri və etnik azlıqların hüquqları kimi mövzular isə daha sonra müzakirə oluna bilər. Çünki mövcud şəraitdə raketlər fərq qoymur – azərbaycanlı, fars, kürd – hamı eyni təhlükə altındadır. Məsələn, Təbriz kimi şəhərlər də bu risklə üz-üzədir.

Eyni zamanda, sərhəd bölgələrində insidentlər narahatlıq doğurur. Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə bağlı hadisələr açıq təxribat kimi qiymətləndirilir. Əgər münaqişə daha da genişlənərsə, Azərbaycan ərazisinin təsadüfi zərbələrə məruz qalması ehtimalı da istisna edilmir.

– Yeri gəlmişkən, Bakı səmasında dronlar müşahidə olundu, qeyri-rəsmi olaraq bildirildi ki, bunlar ölkəmizə aiddir. Ümumiyyətlə, bu münaqişənin region ölkələrinə, o cümlədən Azərbaycana daha çox hansı təsirləri ola bilər?

– Təcrübə göstərir ki, ballistik raketlərə qarşı 100 faiz effektiv müdafiə sistemi mövcud deyil. Əgər İsrail, Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr belə zərbələrə məruz qalırsa, nəzəri olaraq Azərbaycan da bu riskdən tam sığortalanmayıb. Məsələn, Naxçıvanda dörd drondan biri vuruldu, biri itdi, amma ikisi düşdü. Bu, 50 faiz effektivlik deməkdir. Amma əgər sabah bu say 4 yox, 100 olsa, müəyyən hissəsi mütləq hədəfə çatacaq. Müdafiə sistemləri işləyəcək, lakin tam qorumanı təmin etmək çətindir. Bununla belə, bu tip zərbələr adətən genişmiqyaslı dağıntıya səbəb olmur. Məsələn, Kiyev uzun müddətdir raket hücumlarına məruz qalır, müəyyən dağıntılar və itkilər olsa da, şəhər həyatını davam etdirir.

– Hazırkı şəraitdə Azərbaycana qarşı növbəti təxribat ehtimalını mümkün sayırsız?

– Belə riskin hər zaman mövcud olduğunu nəzərə almaq lazımdır. Lakin hazırda müəyyən balans qorunur. Naxçıvandakı hadisədən sonra Azərbaycan öz sərhədlərini yükdaşımalar üçün bağladı və qısa müddət sonra açdı. Yəqin ki, qarşı tərəfdən müəyyən təminatlar alındı və yük daşımaları bərpa olundu. Burada söhbət əsasən ticarət və logistika axınlarından gedir. Azərbaycanla sərhəd İran üçün də vacib kanallardan biridir.

– Bəs İrana qarşı əməliyyatlara Türkiyənin münasibəti necə qiymətləndirilə bilər?

– Türkiyənin mövqeyi ümumilikdə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Amma bütün addımlar eyni anda və eyni səviyyədə atılmır. Türkiyə müəyyən insidentlərlə üzləşsə də, məsələn, raket və ya dron hadisələri olsa belə, buna dərhal cavab vermir.

– Niyə cavab vermir?

– Çünki Türkiyə bu münaqişəyə birbaşa qoşulmaq istəmir. Bu, artıq başqa dövlətlərin qarşıdurmasıdır və Ankara çalışır ki, müharibənin tərəfinə çevrilməsin. Əgər cavab versə, bu, avtomatik olaraq münaqişəyə daxil olmaq kimi qiymətləndirilə bilər. Bu səbəbdən Türkiyə daha çox ehtiyatlı və balanslı siyasət yürüdür, birbaşa hərbi eskalasiyadan uzaq durmağa çalışır.

- Türkiyənin müharibəyə qoşulmasında hansı tərəflər daha çox maraqlıdır?

- ABŞ də, İsrail də bunu istəyir. İran da bunda maraqlıdır. Məsələn, ərəb ölkələrinə zərbələr endirir ki, onlar da münaqişəyə qoşulsunlar. Məqsəd odur ki, xaos artsın və bəlkə bu xaosun içində müəyyən üstünlük əldə etsin. Müqayisə üçün deyək ki, İkinci Dünya Müharibəsində Türkiyə müharibəyə qoşulmadı və müəyyən mənada qazandı, amma Birinci Dünya Müharibəsində qoşuldu və bu, Osmanlı imperiyasının süqutu ilə nəticələndi. Hazırkı vəziyyət də müəyyən mənada genişmiqyaslı müharibəyə bənzəyir – faktiki olaraq bir neçə qitədə paralel qarşıdurmalar gedir: Asiya, Avropa və Şimali Afrika istiqamətində. Bu səbəbdən çox ehtiyatlı siyasət aparmaq vacibdir.

- İran Yaxın Şərqdə ABŞ-yə məxsus hərbi bazaları, yanacaq təminatı sistemləri və digər strateji obyektlər hədəfə çevrilir. Bir çox ekspertlər hesab edir ki, İrana bu obyektləri vurmaq üçün dəqiq kəşfiyyat məlumatları üçüncü tərəflər - Rusiya və Çin tərəfindən ötürülür...

– Donald Tramp bir açıqlamasında Rusiyanın müəyyən məlumatlar ötürdüyünü dolayı şəkildə təsdiqləmişdi. Digər tərəfdən, Hind okeanı ətrafında Çinə məxsus radiolokasiya gəmilərinin aktivliyi də müşahidə olunur. Bu gəmilər həm məlumat toplayır, həm də potensial olaraq onları tərəflərlə bölüşə bilər. Eyni zamanda, bəzi məlumatlara görə, zərbələr formal olaraq mülki obyektlərə – məsələn, hotellərə yönəlsə də, sonradan məlum olur ki, həmin yerlərdə ABŞ hərbçiləri yerləşdirilib. Yəni, hədəflər təsadüfi seçilmir, konkret kəşfiyyat məlumatlarına əsaslanır. Bundan əlavə, region ölkələrində çalışan miqrantlar, xüsusilə şiə icmalarından olan şəxslər də potensial informasiya mənbəyi kimi qiymətləndirilir. Bu da onu göstərir ki, İranın müəyyən səviyyədə məlumat üstünlüyü mövcuddur.

– Bəs İranın müttəfiqi Rusiya necə davranır?

– Rusiya daha çox siyasi ritorika ilə çıxış edir. O, əsasən Avropa ölkələrini tənqid edir, lakin birbaşa şəkildə ABŞ və ya Donald Trampın adını hədəf almır. 

- Tramp dünən dedi ki, Rusiya bizdən qorxur...

- Bəli, qorxur. Çünki Trampın necə davranacağını heç kim proqnozlaşdıra bilmir. Maraqlı məqamlardan biri də odur ki, Tramp ilə Vladimir Putin arasında telefon danışığı olmuşdu və hər iki tərəf bunu “müsbət” kimi qiymətləndirmişdi. Lakin qısa müddət sonra Rusiyanın Bryanskdakı strateji obyektlərindən birinə zərbə endirildi. Ukraynalılar bu zərbələrdə istifadə olunan raketləri ABŞ-nin icazəsi olmadan ata bilməzlər. Rusiyanın “İsgəndər M” də daxil olmaqla əsas raketlərinin elektron hissələri həmin zavodda istehsal edilir. Onun keçmiş direktoru etiraf etmişdi ki, müəssisə əhəmiyyətinə görə Rusiyada ikincidir. Yəni, Rusiya üçün çox mühüm, vacib obyektidr. Onu raketlə vurub yerlə-yeksan etdilər. İndi Tramp bunu niyə etdi? Ola bilər ki, heç Putinə deməyib, amma onun hansısa sözü xoşuna gəlməyib... Bu isə onu göstərir ki, beynəlxalq münasibətlərdə görünən bəyanatlarla real proseslər arasında fərqlər ola bilər. Bəzi hallarda qərarlar daha çox ani siyasi reaksiyalar və ya liderlərin şəxsi münasibətlərindən asılı olur. Ümumilikdə, vəziyyət çox mürəkkəbdir və bu mənzərə bir neçə böyük gücün dolayı və ya birbaşa iştirakı ilə formalaşır. Bu səbəbdən proseslərin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir və bütün tərəflər üçün risklər yüksək olaraq qalır.

E. Rüstəmli

F. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
106
50
azpolitika.info

10Sources