Bakı, 18 mart, AZƏRTAC
Tacikistanda martın 19-dan 28-dək Beynəlxalq Novruz bayramına həsr olunmuş mədəni tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəni tədbirlər martın 19-dan 26-dək Düşənbə şəhərinin müxtəlif rayonlarında keçiriləcək. Xalq sənətkarlığı sərgiləri çərçivəsində Novruz adət-ənənələri, ənənəvi oyunlar, bayram yeməklərinin hazırlanması, milli geyimlər, həmçinin paytaxt sakinlərinin hazırladığı rəqs və mahnılar təqdim olunacaq.
Martın 21-də Navruzqoh dövlət müəssisəsində bayrama həsr olunmuş təntənəli mədəni proqram keçiriləcək.
Novruz ərəfəsində Düşənbə şəhərinin bulvarları, prospektləri və mədəni-əyləncə parkları bəzədilib. Şəhərdə rəngarəng güllər və kölgəlik yaradan ağaclar əkilib, baharın və Novruzun rəmzlərini əks etdirən dekorativ elementlər quraşdırılıb.
2010-cu il fevralın 19-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Novruz bayramına beynəlxalq status verilməsi barədə qətnamə qəbul edib. 2009-cu ildə isə bayram UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.