EN

26 illik GÖZLƏNTİ: Yaponiyada gələcəyin texnologiyası köhnə qətli ÜZƏ ÇIXARDI – VİDEO

Yaponiyada kişi arvadının qatilini tapmaq üçün 26 il cinayət yerini olduğu kimi saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Yaponiyada Satoru Takaba adlı şəxs 26 il əvvəl qətlə yetirilmiş həyat yoldaşının qatilinin tapılmasını gözləyib.

Faciə uzaq 1999-cu ildə baş verib — 32 yaşlı Namiko Takaba öz mənzilində boğaz nahiyəsində çoxsaylı yaralarla ölü tapılıb.

O dövrdə aparılan genişmiqyaslı araşdırmada 100 000 polis əməkdaşı iştirak etsə də, heç bir nəticə əldə olunmamışdı.

Kədərli həyat yoldaşı sarsılmayaraq əsl samuray yolu seçib. O, 26 il ərzində hadisənin baş verdiyi boş mənzili kirayə götürüb və oradakı heç bir şeyə, hətta qan izlərinə belə toxunmayıb.

Satoru inanırdı ki, gələcəyin texnologiyaları qatilin kimliyini üzə çıxarmağa kömək edəcək. Bu müddət ərzində o, kirayə haqqına 22 000 000 yen (təxminən 253 000 manat) xərcləyib.

Nəhayət, 2025-ci ildə DNT analizi texnologiyalarının daha dəqiq və əlçatan olması sayəsində polis təkrar araşdırma apararaq qatili tapıb.

Məlum olub ki, qətli Satorunun ona gizli aşiq olan keçmiş sinif yoldaşı törədib. O, Namikoya 28 bıçaq zərbəsi vurub. Qadın Satorunun həyat yoldaşı ilə “razılığa gəlmək” üçün onun yanına gəlsə də, söhbət mübahisəyə, daha sonra isə qanlı cinayətə çevrilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
87
interpress.az

1Sources