Bakı Şəhər İcra Hakimiyyətinin “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi altında paytaxtda iməciliyin keçirilməsi barədə qərarına uyğun olaraq Nizami rayonunda martın 14-də ümumrayon iməciliyi keçirilib.İməcilik zamanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən prospekt və küçələr, səki kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar yuyularaq təmizlənməsi həyata keçirilib.Eyni zamanda, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.Bundan əlavə, rayon ərazisində abadlıq-quruculuq işləri çərçivəsində insanların gediş-gəlişini asanlaşdırmaq məqsədilə yararsız vəziyyətə düşmüş səkilər bərpa olunub, mərkəzi prospektlər boyunca hasarlar yenidən boyanıb.Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.


