EN

Rusiyada hərbçilərə Telegram istifadəsi qadağan EDİLDİ

Rusiyada hərbçilər üçün Telegram istifadəsinin qadağan edilməsi ilə bağlı qərarın ordunun fəaliyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutu (ISW) analitikləri məlumat yayıb. Onların fikrincə, Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən bu qərar rabitə problemlərini daha da ağırlaşdıra bilər.

Analitiklər rus hərbi bloqçuların tənqidlərinə istinad edərək qeyd edirlər ki, Telegram-ın qadağan edilməsi Rusiya Silahlı Qüvvələrinin xüsusilə rabitə sahəsində mövcud çətinliklərini dərinləşdirəcək. Bu problemlər artıq Starlink xidmətinin bloklanmasından sonra daha da artıb.

ISW ekspertləri hesab edirlər ki, bu addım qoşunların komanda və idarəetmə sisteminə də mənfi təsir göstərə bilər.

Eyni zamanda bildirilir ki, Rusiyada Telegram-ın fəaliyyətinə məhdudiyyətlər artıq hiss olunur. Martın 14-də messencerlə bağlı təxminən 6 min şikayət qeydə alındığı halda, martın 15-də bu rəqəm iki dəfə artıb. Problemlər xüsusilə Moskva və Sankt-Peterburq şəhərlərində daha çox müşahidə olunur.

Analitiklərin fikrincə, Kreml Ukraynadakı müharibə ilə bağlı informasiya nəzarətini gücləndirmək məqsədilə messencerin fəaliyyətini mərhələli şəkildə məhdudlaşdıra bilər. Hətta bəzi hallarda bloklama tədbirlərinin genişliyi səbəbindən dövlət qurumlarının saytları da əlçatmaz olub.

Ekspertlər qeyd edir ki, bu addımlar 2025-ci ilin sonlarından başlayaraq gücləndirilən internet senzurası siyasətinin tərkib hissəsidir və bu, Vladimir Putin hakimiyyətinin sabitliyi ilə bağlı narahatlıqların artdığını göstərə bilər.

Bundan əlavə, daha əvvəl yayılan məlumatlarda hərbçilərin Telegram tətbiqini silmədiyi halda cəzalandırılacağı iddia olunurdu. Onlara alternativ olaraq yerli messencerlərdən istifadə tövsiyə edilsə də, bəzi bölmələrin bu platformaların zəifliyi səbəbindən istifadədən imtina etdiyi bildirilir.

Rusiya mediasının məlumatına görə, Telegram-ın ölkə ərazisində tam bloklanmasının aprelin 1-dək həyata keçirilməsi planlaşdırılır. Bu addım daha əvvəl Meta-ya məxsus sosial şəbəkələrə tətbiq edilən qadağalara bənzər şəkildə reallaşdırıla bilər.

Chosen
28
veteninfo.az

1Sources