EN

Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır Ekspert

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a açıqlamasında deyib ki, şagirdlərin və müəllimlərin davranış qaydalarında müəyyən prinsiplər mövcuddur:

"Beynəlxalq təcrübədə şagirdlərin (təhsil alanların) və müəllimlərin (təhsil verənlərin) davranış qaydalarında müəyyən prinsiplər mövcuddur. Biz də çalışırıq ki, həmin prinsipləri öz məktəblərimizdə tətbiq edək. Əgər bir müəllim şagirdə qarşı fiziki zorakılıq edirsə, onun cərimələnməsi yanlış addım hesab edilə bilməz. Lakin bu cəzanın hansı səviyyədə tətbiq olunacağı da mühüm məsələdir.

Bəzi hallarda belə məsələlərə birtərəfli yanaşırıq. Məsələn, 1970–1980-ci illərdə, hətta 1990-cı illərdə məktəbi bitirən valideynlər qeyd edirlər ki, o dövrdə valideynlər müəllimə "əti sənin sümüyü mənim”, "müəllim nə deyirsə, düz deyir” prinsipi ilə yanaşırdılar. Amma bu, tamamilə qəbuledilməzdir və heç bir halda əsaslandırıla bilməz”.

Ekspert qeyd edib ki, psixoloji baxımdan da məsələyə diqqət yetirmək vacibdir:

"Psixoloji baxımdan da məsələyə diqqət yetirmək vacibdir. Şagirdlər, xüsusilə 6-7-ci sinifdən etibarən yeniyetməlik dövrünə qədəm qoyurlar. Bu mərhələdə onlar özlərini ifadə etməyə, cəmiyyətdə yer tutmağa çalışırlar. Sinif yoldaşları arasında öz mövqeyini formalaşdırmaq, "mən də varam” prinsipi ilə davranmaq onların yaş xüsusiyyətlərindən irəli gəlir. Yaş psixologiyasına görə, bu dövrdə müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması və ya ona qarşı sərt davranması ciddi psixoloji təsir yaradır. Hətta demək olar ki, psixoloji zorakılıq fiziki zorakılıqdan daha ağır nəticələrə səbəb ola bilər.

Bu baxımdan müəllimlərin məsuliyyətə cəlb olunması müsbət addımdır”.

Təhsil eksperti vurğulayıb ki, şagirdələr üçün etik davranış qaydaları bütün məktəblərdə tətbiq olunmalıdır:

"Lakin hər xırda hadisədə şagirdlərin vəziyyətdən sui-istifadə etməsi və ya həddini aşması yolverilməzdir. Etik davranış qaydalarını pozan şagirdlər üçün müəyyən cəza mexanizmləri varmı? Əslində, şagirdlər üçün etik davranış qaydaları mövcuddur.

Problem ondadır ki, etik davranış qaydaları hələ bütün məktəblərdə tam şəkildə tətbiq olunmur. Təxminən 3-4 ildir ki, bu istiqamətdə iş aparılır və hazırda yalnız pilot layihə kimi məhdud sayda məktəbdə tətbiq edilir. Bu qaydalar təxminən 100-dən çox məktəbdə tətbiq olunur, halbuki ölkədə 4000-dən artıq məktəb fəaliyyət göstərir. Əgər bu qaydalar bütün məktəblərdə tətbiq olunsa, müəllim-şagird münasibətlərində mövcud olan bir çox problemlər aradan qalxar”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
azxeber.com

1Sources