EN

Trampın “Hörmüz koalisiyası” iflasa uğrayacaq?

“Trampın beynəlxalq koalisiya təşəbbüsü regionda hərbi eskalasiyanı daha da gücləndirə bilər”. 

Bunu Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində Prezident Donald Trampın Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq koalisiya təşəbbüsünün hədəfləri və koalisiyaya hansı ölkələrin qoşulacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib. 

Ekspert qeyd edib ki, Trampın koalisiya planı daha çox regional xarakter daşıya bilər:

“ABŞ-də Donald Tramp administrasiyasının Hörmüz boğazı ətrafında ticarət gəmilərinin müşayiəti üçün beynəlxalq koalisiya yaratmaq təşəbbüsü formal olaraq dəniz təhlükəsizliyinin təmin edilməsi kimi təqdim olunsa da, əslində İranın təsir imkanlarının məhdudlaşdırılması və qlobal enerji marşrutlarının nəzarətdə saxlanılması məqsədi daşıyır. 

Məlumata görə, ABŞ-nin NATO üzrə əsas müttəfiqlərinin bu təşəbbüsə qoşulmaqdan imtina etməsi koalisiyanın daha çox regional və selektiv xarakter daşıyacağını göstərir. Bu çərçivədə koalisiyada əsasən Körfəz ölkələrinin – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn – iştirak etməsi ehtimal olunur.

Bununla yanaşı, enerji təhlükəsizliyi baxımından regiona bağlı olan Yaponiya, Cənubi Koreya və Hindistan kimi ölkələrin də müəyyən formatda bu təşəbbüsə dəstək verməsi mümkündür. Eləcə də ayrı-ayrılıqda Böyük Britaniya kimi dövlətlərin məhdud iştirak ehtimalı da istisna edilmir”.

O bildirib ki, İran bu cür koalisiyanı öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirəcək:

“Tehran bu təşəbbüsü regionun hərbiləşdirilməsi və ABŞ-nin hegemonluq siyasətinin davamı kimi təqdim edəcək, eyni zamanda Körfəz ölkələrinin belə bir ittifaqda iştirakını açıq şəkildə tənqid edəcək. İranın rəsmi mövqeyi bu olacaq ki, bölgənin təhlükəsizliyi region ölkələri tərəfindən təmin olunmalı, xarici hərbi iştirak isə gərginliyi artıran amildir”. 

İran hakimiyyətinin bu koalisiyaya qarşı addımlarına gəlincə, ekspert bildirib ki, mövcud şəraitdə İranın cavabı birbaşa genişmiqyaslı hərbi toqquşmadan daha çox asimmetrik və mərhələli olacaq:

“Tehran ilk növbədə Hörmüz boğazında “boz zona” taktikasından istifadə edə bilər. Bu, ticarət gəmilərinə təzyiq, yoxlamalar və ya məhdud müdaxilələr vasitəsilə risk mühitinin artırılması deməkdir. 

Paralel olaraq İran regiondakı təsir şəbəkələrini aktivləşdirə bilər, xüsusilə Husi hərəkatı kimi qüvvələr vasitəsilə alternativ dəniz marşrutlarında, o cümlədən Bab əl-Məndəb boğazı istiqamətində gərginlik yaradıla bilər”.

V.Zifəroğlu əlavə edib ki, bununla yanaşı, İran hərbi cavab siyasətini gücləndirərək raket və pilotsuz uçuş aparatları imkanlarını nümayiş etdirə, genişmiqyaslı hərbi təlimlər keçirə və enerji bazarlarına psixoloji təsir göstərməyə çalışa bilər:

“Bu addımların əsas məqsədi koalisiya ölkələrini çəkindirmək və risklərin artması fonunda onların qərarlarını yenidən nəzərdən keçirməyə məcbur etməkdir. Faktiki olaraq ABŞ-nin təşəbbüsü qlobal ticarətin təhlükəsizliyini təmin etmək məqsədi ilə izah edilsə də, bu addım regionda gərginliyi azaltmaqdan çox, yeni qarşıdurma dinamikası yaradır”. 

Chosen
61
cebheinfo.az

1Sources