Azərbaycan futbolundan son zamanlar fərqli hadisələr yaşanır. “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı, Azərbaycan Premyer Liqasında rəqabətin artması, legioner limitinin ləğvi müəyyən dəyişikliklərə səbəb olub.
Ağdam klubunun son illərdəki uğurlu transfer siyasətinə digər klublar da qoşulub və nəticədə maraqlı mənzərə yaranıb. Azərbaycan futbolu yerli oyunçulardan yarımasa da, klublarımızda çıxış edən legionerlərin transfer bazarında diqqət cəlb etməsi vəziyyəti dəyişib.
“Qarabağ”ın əcnəbilərinə nəinki Avropadan, Asiya və okeanın o tayından da maraq var. Nümunə olaraq Juninyo Olavionun satışı, Kamilo Duranın böyük klubların maraq dairəsinə düşməsi və hətta Kolumbiya millisinə dəvət alma ehtimalının yaranmasıdır. “Sabah”, “Qəbələ”, “Turan Tovuz”, “Şamaxı” və digər klublarda oxşar vəziyyətdir. Aşağı liqalardan kiçik məbləğ qarşılığından Azərbaycana gələn legionerlər qısa zamanda özlərini göstərib daha yaxşı klublara, daha yaxşı çempionatlara keçmək imkanı qazanırlar. Bu məqamda yaxşı maliyyə imkanı da əldə edirlər.

Bu sözlər azərbaycanlı futbolçulara aid deyil. Yalnız bir neçə istisna var. Təəssüf ki, Nəriman Axundzadə, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və bir neçə nümunə ilə kifayətlənirik. Belə olan halda sual yaranır: Bunun səbəbi nədir? Zəif hesab edilən Azərbaycan çempionatında legionerlər uğurlu ola bilir, daha yaxşı klublara transfer olmağı bacarır və inkişaf edirlər, amma yerlilər yox. Günahı harada, kimdə axtaraq? Bizim futbolçular həmin legionerlərdən niyə geri qalır?