EN

“Novruzun birlik və bərabərlik bayramı kimi qeyd olunması vacibdir”

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dünyanın qədim bayramlarından birinin Novruz, yəni Yaz bayramının olması şübhəsizdir. Çünki bu bayramda bütün təbiət canlanır - donmuş çaylar axır, qurumuş ağaclar çiçək açır, qan təzələnir və s. Bir növ Novruz bayramı adı ilə qeyd edilən bu bayramda bir dəyişilmə, yeniləşmə baş verir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında türkoloq alim Faiq Ələkbərli deyib.

F.Ələkbərli bildirib ki, bəlkə də məhz bu səbəbdəndir ki, bir çox qədim xalqlar vaxtilə Yazın gəlişini bayram kimi qeyd ediblər: “Bu baxımdan hazırda azərbaycanlılar, iranlılarla yanaşı, başqa millətlərin də Novruzu milli bayram kimi qeyd etmələri başa düşüləndir. Ancaq o başqa məsələdir ki, hazırda Novruzu milli bayram kimi daha çox türksoylu (Türkiyə və Azərbaycan türkləri, özbəklər, qazaxlar, türkmənlər və b.) və irandilli xalqlar (farslar, kürdlər, əfqanlar və b.) qeyd edirlər”.

Alimin sözlərinə görə, bizə elə gəlir ki, Novruz-Yaz bayramının hansı xalqa məxsus olmasından daha çox onun mahiyyətini təşkil edən məsələlərə işıq salmaq daha maraqlı olardı: “Yəni biz tarixi vərəqləsək görərik ki, bəzi mütəfəkkirlər (Firdovsi və b.) Novruzu yalnız İranla bağladığı halda, onun türklərlə əlaqəsindən bəhs edənlər (Ə.Hüseynzadə və b.) da az deyildi. Məsələn, Firdovsi «Şahnamə» əsərində yazır ki, Novruz bayramını ilk dəfə qeyd edən qədim İran şahı Cəmşid olub. Onun fikrincə, Cəmşidin dövründə Novruz rəsmi şəkildə İranın milli bayramına çevrilib. Türk dünyasının, o cümlədən Azərbaycanın tanınmış mütəfəkkiri Əli bəy Hüseynzadə hələ 20-ci əsrin əvvəllərində bu iddiaya cavab olaraq yazırdı ki, Novruz bayramının yalnız İranla bağlanması doğru deyil. Belə ki, baharın gəlişini bayram kimi qeyd etmək yalnız İrana aid olmayıb, bütün atəşpərəst millətlər, o cümlədən türk atəşpərəstləri də bu günü bayram olaraq qeyd ediblər. Xüsusilə, türk şamanlar və türk atəşpərəstlər tərəfindən bu bayram qeyd edilib, şamanlar və atəşpərəstlər Yaz bayramında 4 ünsürlə (od, su, hava və torpaq) bağlı ayinləri icra edib”.

O əlavə edib ki, Novruzun bütün xalqlar, o cümlədən azərbaycanlılar üçün birlik və bərabərlik bayramı kimi qeyd olunması vacibdir: “Çünki Azərbaycan əhalisi əksəriyyəti türklər olmaqla, digər etnik qruplarla da təmsil olunur. Xüsusilə, Azərbayanda Azərbaycan türkləri ilə yanaşı, irandilli (talış, tat, kürd və b.) və qafqazdilli (ləzgi, avar və b.) etnosların yaşaması və onların hamısının Novruza-Yaz bayramına olan isti münasibəti milli bərabərliyimizin və birliyimizin nümunəsidir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources