EN

"İnsan haqları" adı altında siyasi oyun: AŞ-nın Azərbaycana qarşı növbəti qərəzi – ÖZƏL

Avropa Şurası-nın Nazirlər Komitəsi quruma üzv ölkələrdə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra vəziyyətini müzakirə edib. İclasda Azərbaycana aid icra olunmamış işlər də gündəmə gətirilib.
Müzakirə edilən məsələlərdən biri də Ramil Səfərov işi olub. Ermənistan vətəndaşlarının "Makuçyan və Minasyan Azərbaycana qarşı" şikayəti üzrə məhkəmə qərarının icrası ilə bağlı Azərbaycana çağırış edilib. Komitə Səfərovun Macarıstandan Azərbaycana verildikdən sonra əfv olunmasını, vəzifədə irəli çəkilməsini və müavinətlər almasını xatırladaraq qərarların tam və operativ icrasının vacibliyini vurğulayıb. Məlahət İbrahimqızı isə bildirib ki, məsələ Azərbaycan və Ermənistan arasında sülh danışıqları getdiyi bir vaxtda yenidən gündəmə gətirilməsi müəyyən qüvvələrin prosesə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər.

Maraqlıdır, Avropa Şurasının bu məsələni yenidən gündəmə gətirməsi hansı siyasi mesajı ehtiva edir? Bu addım Azərbaycan-Ermənistan sülh danışıqlarına təsir göstərə bilərmi?

"Ermənistan təxminən 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bu işğal dövründə müxtəlif cinayətlər törədilib və Ermənistan həm müharibə qanunlarını, həm də insanlıq əleyhinə bir çox cinayətləri pozub. Ermənistanın silahlı qüvvələri və siyasi hakimiyyəti Xocalı soyqırımını həyata keçirib. Uzun illər Azərbaycan ərazisində mina terroru həyata keçirilib və bu gün də həmin mina terrorunun nəticələrindən əziyyət çəkirik. Dinc əhali bu təhlükənin qurbanı olmağa davam edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Ramil Səfərovla bağlı məsələ də məhz bu kontekstdə qiymətləndirilməlidir. Çünki Ramil Səfərov beynəlxalq tədbir zamanı erməni tərəfinin təxribatına məruz qalmışdı. Onun təxribatlara sürüklənməsi nəticəsində həmin hadisə baş vermişdi. Ramil Səfərov Qarabağdan olduğu üçün ermənilərin törətdiyi cinayətləri şəxsən yaşamış bir insan idi. Təbii ki, bir azərbaycanlı və vətənpərvər şəxs olaraq o, bu hadisələrin təsirini hiss edirdi və erməni tərəfinin təxribatlarına qarşı emosional reaksiya vermişdi. Hadisədən sonra keçirilən məhkəmə prosesində Ramil Səfərovun hüquqları təmin olunmuşdu və təxribat məsələsi də diqqətə alınmışdı. O, verilən cəzanın müəyyən hissəsini çəkdi. Bununla belə, hesab edilir ki, ona verilən hökm ədalətli deyildi. Çünki erməni tərəfinin törətdiyi təxribat və hadisənin baş verdiyi şərait tam nəzərə alınmamışdı. Buna baxmayaraq, Ramil Səfərov illərlə həbsdə qaldı və cəzasının bir hissəsini çəkdi. Sonradan Azərbaycana gətirildikdən sonra isə Prezidentin səlahiyyətinə uyğun olaraq əfv edildi və azadlığa buraxıldı.

"Bu gün də erməni tərəfinin həyata keçirdiyi siyasətin nəticələrini Azərbaycan xalqı yaşayır. Ermənistanın apardığı mina terroru və digər təhlükələr hələ də bölgədə problemlər yaradır. Ümumiyyətlə, Avropa Şurası və Avropanın müxtəlif institutlarının Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe sərgilədiyinin şahidi olmuşuq. İnsan haqları və demokratiya barədə danışan Avropa eyni zamanda digər regionlarda baş verən hadisələrə fərqli münasibət göstərir. Məsələn, Qəzzada baş verən hadisələr zamanı çoxlu sayda dinc insan həyatını itirir. Buna baxmayaraq, insan haqları mövzusunda tez-tez çıxış edən Avropa institutları bu hadisələrə qarşı yetərincə sərt mövqe nümayiş etdirmir. Eyni zamanda regiondakı digər hərbi əməliyyatlar nəticəsində həyatını itirən uşaqlar və dinc insanlar barədə də eyni vəziyyət müşahidə olunur. Bu baxımdan belə qənaət yaranır ki, bəzi hallarda insan haqları və demokratiya məsələləri siyasi məqsədlərə çatmaq üçün vasitə kimi istifadə edilir. Biz dəfələrlə Avropanın müxtəlif qurumlarının - istər Avropa Şurası Parlament Assambleyasının, istər insan haqları ilə məşğul olan digər institutların, istərsə də ATƏT-in Azərbaycana qarşı qərəzli yanaşmalarının şahidi olmuşuq", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin böyük hissəsi artıq razılaşdırılıb. Azərbaycan Ermənistanın regional layihələrdə iştirakına imkan yaradıb, nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün şərait formalaşdırıb. Azərbaycan sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda Prezidentin iradəsi ilə Qazaxıstan və Rusiyanın taxılı Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana çatdırılır. Bundan əlavə, Azərbaycan yanacağı da Ermənistan bazarında satılır. Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti beynəlxalq tədbirlər çərçivəsində mütəmadi görüşür, fikir mübadiləsi aparırlar. Belə bir dövrdə Avropanın bəzi institutlarının səsləndirdiyi çağırışlar təxribat xarakterli görünür və sülh prosesinə maneə yarada bilər. Bu cür yanaşmalar qəbulolunmazdır. Avropanın bəzi dairələrinin Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı olmadığı barədə fikirlər səslənir və belə çıxışlar iki xalq arasında yenidən gərginlik yaratmağa xidmət edə bilər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
39
50
olaylar.az

10Sources